Bu ixtisas qruplarında rəqabət müşahidə olunur - Repetitordan AÇIQLAMA

11 illik təhsilini başa vuran məzunlar üçün ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsi davam edir.
Bəs hansı qrup və ixtisaslarda rəqabət müşahidə olunur?
Redaktor.az-a açıqlama verən Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov bildirdi ki, 3-cü və 4-cü qruplarda rəqabət daha çoxdur.
"Xüsusilə 3-cü qrupda rəqabət müşahidə olunur. 3-cü qrupda hardasa 20 minə yaxın şagird müsabiqədən keçib və onlardan 14 minə yaxını qəbul olunmalıdır. Belə nəticə çıxır ki, 6000 nəfər kəsilməlidir. Bu qrupda həm yuxarı ballarda həm də aşağı ballarda yüksək rəqabət var".
Onun sözlərinə görə, 4-cü qrupda da vəziyyət biraz gərgindir:
"Tibb Universitetinin Tibb fakültəsinə daxil olmaq istəyən abituriyentlərin sayı var balları yüksəkdir. Bu baxımdan hesab edirik ki, Tibb Universitetinin də keçid balları müəyyən mənada yüksələn xətt üzrə inkişaf edəcək və yaxud da qəbul yüksək ballar keçiləcəkdir. Hələlik seçimlər davam edir, amma ən rahat seçim 2-ci qruplardadır. Çünki bu qrupda hətta boş qalan yerlər də olacaqdır. 2-ci qrupda müsabiqə şərtlərini ödəyənlər arasında demək olar ki, ali məktəblərdən kəsilən olmayacaq. Həm statistik məlumatlar, həm də DİM-in nəşr etdiyi jurnallar bunu deməyə əsas verir", - deyə Muradxan Hüseynov fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI