7 mindən çox müəllim işdən çıxarılıb, bəs vakansiyalar niyə gizlədilib? - AÇIQLAMA

"Rəsmi qaynaqlara inansaq, sertifikasiyadan keçməyən müəllimlərin boş qalan yerləri müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə çıxarılmalıdır. Bəzi hallarda məktəb rəhbərləri və yaxud əlaqədar şəxslər vakansiyanı nazirə təqdim etmədiyinə görə, vakansiyanın gizlədildiyi fikri dilə gətirilib".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Rizvan Fikrətoğlu müəllimlərin işə qəbulu imtahanından sonra vakant yerlərin olmaması ilə bağlı səsləndirilən narazılıqlardan danışarkən bildirdi.
"Müsabiqədə iştirak edən müəllimlər, xüsusilə Bakı kimi şəhərlərdə yaşayanlar yüksək bal toplamalarına baxmayaraq, vakant yer seçməkdə çətinliklə üzləşirlər. Vakant yerlərin satılması haqda konkret sübut və yaxud fakt yoxdur. Bu sosial şəbəkələrdə və media müstəvisində ortaya çıxan bir iddiadır. Sertifikasiyadan keçməyən və müqaviləsinə xitam verilən müəllimlərin sayına gəldikdə isə ümumilikdə 2025-ci ilin fevralından indiyə kimi təxminən 5000 müəllimin əmək müqaviləsinə xitam verilib. 2024-cü ilin iyununda isə rəsmi rəqəmlərə inansaq, 4300-dən çox müəllimin müqaviləsinə xitam verilib".
Müsahibimiz qeyd etdi ki, 2022-ci ildə təkrar sertifikasiya mərhələsində 743 müəllimin işinə xitam verilməsi prosesi başlanılmışdı.
"Ümumiyyətlə rəsmi olaraq deyərdim ki, boş qalmış dərs saatları və yaxud vakant yerlər məktəbdə qalan müəllimlərin dərs yükünün artırılması yolu ilə balanslaşdırılır. Boşalmış yerlərin bir qismi interaktiv sistemlərdə və MİQ portalında iştirakçılara təqdim olunur. Lakin bunun tam və ədalətli şəkildə keçirilmədiyini düşünürəm. Düşünürəm ki, bununla bağlı nazirlik ictimaiyyətə açıq hesabat verməlidir. Bu qədər etirazlara cavab səsləndirməlidir".
Qeyd edək ki, 7 318 müəllimin cari ildə keçirilən qiymətləndirmə prosesində uğursuz nəticə göstərərək əmək müqaviləsinə xitam verilmişdir.
Aytəkin TOFİQQIZI