Tərbiyəçi-müəllimlərin işə qəbulu ilə bağlı VACİB XƏBƏR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.
Bu barədə Redaktor.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 15 avqust 2025-ci il tarixində saat 15:00-17:00 aralığında BŞTİ-yə yaxınlaşaraq tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibəsi üzrə Apellyasiya komissiyasına müraciət edə bilərlər. Müraciət edən hər bir şəxsin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən sənədlərini özü ilə gətirməsi vacibdir.
Qeyd edək ki, 2022-ci və 2023-cü illərdə keçirilən müsabiqələrin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər, eyni zamanda 2023-cü ildə test imtahanında keçid balını (29 və daha çox) toplayan və müsahibəyə qatılmayan şəxslər yenidən təşkil olunmuş müsahibədə iştirak ediblər.
Müsahibədə iştirak etmiş şəxslərin nəticələri barədə məlumat SMS vasitəsilə namizədlərin əlaqə nömrələrinə göndərilib.