""Tibb" ixtisasında təhsil haqqının birdən-birə 2000 manat artırılması anlaşılmazdır" - Vüsal Kərimli

 11:16 15.08.2025     134

2025–2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb. Ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olduğu halda, bu il məbləğ 6500 manata yüksəlib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan ali təhsil üzrə təhsil eksperti Vüsal Kərimli bildirdi ki, universitetlər müəyyən çağırışlarla qarşı-qarşıyadırlar.

"Doğrudur ki, bu məsələlərin hamısı maliyyə ilə əlaqəlidir. Nəzərə alsaq ki, xeyli sayda universitetimiz publik hüquqi şəxsdir, yəni maliyyə azadlığı var, özü-özünü maliyyələşdirir. Bu və ya digər xərclərə, maddi-texniki baza, akkreditasiyalar, reytinqlər, elmi araşdırmalar, bunların hamısına maliyyə vəsaiti lazımdır. Universitetlər də ciddi şəkildə maliyyə çağırışları ilə üz-üzədirlər. Amma spesifik olaraq Azərbaycan Tibb universitetinin "Tibb" ixtisasında təhsil haqqının birdən-birə 2000 manat artırılması anlaşılmazdır".

Onun fikrincə, təhsil haqqındakı artım ciddidir.

"Minimum əmək haqqı məsələsi var, insanların gəlirləri məsələsi, artan qiymətlər fonunda insanların maddi rifahının çətinləşməsi məsələləri və s. Əsas məsələ odur ki, ödənişli əsaslarla qəbul olacaq tələbələrin bu vəsaiti ödəyib-ödəyə bilməmək məsələsi gəlib ortaya çıxacaqdır. Tibb universitetinə, xüsusilə müalicə işi ixtisasının qəbul balı 650-nin üzərindədirsə, biz bununla bağlı düşünməliyik, lap 600 bal olsun. Bu, ciddi göstəricidir. Halbuki 600 bal və üzəri prezident təqaüdünə düşür. Təhsil haqqının bu qədər artırılması cəmiyyətdə birmənalı reaksiya, birmənalı qarşılanmayıb. Cəmiyyət bununla bağlı çox narahatdır və bunun da birbaşa təhsil alan insanları ciddi şəkildə maliyyə sıxıntısına salacağına inanıram", - deyə təhsil eksperti əlavə etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən