''Geyim yox, peşəkarlıq əsasdır'' – Ekspert izah etdi

 18:17 15.08.2025     60

Son günlər müəllimlərin işə qəbulu imtahanının müsahibə mərhələsi ilə bağlı sosial şəbəkələrdə geyim mövzusu geniş müzakirə olunur. Bəzi namizədlər geyim tərzinin nəticəyə təsir edə biləcəyindən narahatdır.

Bu kimi səthi məsələlər müəllimlər arasında niyə panikaya səbəb olur?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirdi ki, müəllimlərin işə qəbulu müsahibə mərhələsi ilə bağlı geyim məsələsinin sosial şəbəkələrdə bu qədər müzakirə olunması göstərir ki, biz hələ də diqqəti əsas hədəfdən yayındıran mövzulara həssas yanaşırıq.

"Dövlətin müəyyən etdiyi müsahibə meyarlarında namizədin geyimi əsas göstərici deyil, lakin təqdimat mədəniyyəti hər bir peşəkar sahədə olduğu kimi müəllimlikdə də vacib hesab olunur. Burada söhbət dəbdəbədən yox, səliqədən, peşəkar görünüşdən gedir. Təhsil Nazirliyi dəfələrlə vurğulayıb ki, qiymətləndirmə daha çox pedaqoji bacarıqlara, fənn biliklərinə, kommunikasiya qabiliyyətinə və təhsil prosesinə yanaşmaya əsaslanır.

Bununla belə, namizədlərin geyim mövzusunu bu qədər gündəmə gətirməsinin arxasında illərlə formalaşmış psixoloji narahatlıq, sosial şəbəkələrdə yayılan qeyri-rəsmi və bəzən təhrif olunmuş məlumatların təsiri dayanır".

Ekspert əlavə etdi ki, insanlar çox vaxt dost-tanış təcrübəsindən eşitdiklərini ümumiləşdirir və bu da ictimai rəydə panika yaradır.

"Əslində isə dövlət qurumlarının məqsədi müəllimlərin xarici görünüşünü deyil, onların məktəb mühitində necə işləyəcəyini, şagirdlərlə necə ünsiyyət quracağını, təlim metodlarını və dəyərlər sistemini qiymətləndirməkdir.

Reallıq ondan ibarətdir ki, müsahibədə uğur qazanmaq istəyən namizədin əsas diqqəti öz peşəkarlığını nümayiş etdirməyə yönəlməlidir. Geyim məsələsini lazım olduğundan artıq böyütmək isə həm namizədin hazırlıq prosesini ikinci plana keçirir, həm də cəmiyyətdə imtahan prosesinə olan inamı zədələyir. Dövlətin təhsil siyasətində əsas məqsəd keyfiyyətli, innovativ düşüncəyə malik, şagirdin inkişafına töhfə verən müəllimləri seçməkdir və bu istiqamətdə şəffaflıq prinsipi qorunur", - deyə Əmrah Həsənli vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən