“Tarix keçmiş siyasət, siyasət isə bugünkü tarixdir” - Hikmət Babaoğlu

"Zəngəzur dəhlizinin Azərbaycan tarix dərsliklərinə salınması olduqca təqdir olunmalı bir hadisədir. Nəticə etibarilə, tarix dərslikləri mühüm tarixi hadisələri xronoloji ardıcıllıqla öyrədən mənbələrdir. Zəngəzur dəhlizi isə yalnız bugünün hadisəsi kimi tarixi aktuallıq daşımır, eyni zamanda gələcəkdə Azərbaycan tarixinin yeni coğrafi əsaslarda formalaşması baxımından da mühüm əhəmiyyət kəsb edir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Zəngəzur dəhlizinin tarix dərsliklərinə salınmasından danışarkən bildirdi.
"Tarix, milli kimliyin və milli yaddaşın əsasını təşkil edən vacib bir vasitədir. Əslində, tarix dediyimiz elm sahəsi, vaxtilə qəbul edilmiş siyasi qərarların xronoloji ardıcıllığıdır. Başqa sözlə, tarix keçmiş siyasət, siyasət isə bugünkü tarixdir. Göz önündə qəbul edilən siyasi qərarlar zamanla tarixə çevrilir.
Gənc nəslin bu qərarların mahiyyətini mənimsəməsi, tarix yazmağın nə qədər çətin, eyni zamanda vacib olduğunu dərk etməsi, onların milli şüurunu gücləndirəcək və vətənpərvərlik ruhunu formalaşdıracaq. Bu isə millətimizin, dövlətimizin, ərazilərimizin və torpaqlarımızın qorunmasına, milli bütövlüyümüzün, milli həmrəyliyimizin və milli maraqlarımızın təmin olunmasına mühüm töhfə verəcək" , - deyə millət vəkili vurğuladı.
Xədicə BAXIŞLI