“Plan yerlərinin artması və prestij ixtisaslar I və III qrup marağını artırıb” - Ekspert

Bakalavriat səviyyəsi üzrə 86 min 460 abituriyent ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiq edib.
Bu il abituriyentlərin ən çox I və III qrupları seçməsi hansı səbəblərlə bağlıdır?
Mövzu ilə bağlı Redaktor.az-a dahnışan təhsil eksperti Elçin Süleymnov bildirdi ki, birinci qrupdakı ixtisaslar əsasən mühəndislik istiqamətinə aiddir və son illərdə, xüsusilə kompüter mühəndisliyi, kibertəhlükəsizlik və data analitikası sahələrində tələb artıb:
"Əmək bazarında bu sahənin mütəxəssislərinə böyük ehtiyac var. Gələcək texnologiya və süni intellekt əsrində bu sahənin mütəxəssisləri üçün iş imkanları daha genişdir. Buna görə də, birinci qrupda həm plan yerləri əvvəlki illə müqayisədə 450 yer artırılıb, həm də sənəd verənlərin sayı çoxalıb".
Müsahibimiz qeyd etdi ki, üçüncü qrup ənənəvi olaraq prestijli ixtisasları əhatə edir:
"Burada hüquq, beynəlxalq münasibətlər, müəllimlik və xarici dil müəllimliyi kimi ixtisaslara abituriyentlərin marağı yüksəkdir. Bu səbəbdən üçüncü qrupda müsabiqə daha gərgin olur və keçid ballarının əvvəlki illə müqayisədə bir qədər yüksələcəyi gözlənilir.
Digər qruplarda isə keçid ballarının bir qədər aşağı düşəcəyi ehtimal olunur. Çünki 600 baldan yuxarı göstəricilər əvvəlki illə müqayisədə azdır və plan yerlərinin, xüsusilə dövlət sifarişi yerlərinin artması keçid ballarının müəyyən qədər aşağı düşməsinə səbəb olacaq. Beləliklə, birinci qrup prestijli ixtisaslar və dövlət sifarişi yerlərinin çoxluğu ilə seçilir, üçüncü qrup isə pedaqoji və filologiya ixtisaslarının seçilməsi ilə daha çox tələb toplayır".
Nuriyyə NATİQQIZI