"Elm və Təhsil Nazirliyi təkcə fəaliyyətsiz deyil, həm də məsuliyyətsizdir" - Mütəxəssisdən ETİRAZ

 14:15 21.08.2025     177

"Azərbaycan ali təhsil sistemində ixtisas seçiminin nəticələri və ilkin proqnozlar bir daha təsdiqlədi ki, ölkədə təhsil siyasəti təkcə zəif deyil, tamamilə iflasa uğrayıb. Bu gün plan yerləri ilə abituriyentlərin sayı arasındakı kəskin uyğunsuzluq təsadüfi hadisə deyil, illərlə formalaşmış sistemsizliyin və idarəetmədə məsuliyyətsizliyin nəticəsidir. Hər il on minlərlə gənc universitet qapılarında kəsilir, amma Elm və Təhsil Nazirliyi bu acı mənzərəni sanki adi statistika kimi təqdim edir, heç bir analitik izah, heç bir çıxış yolu göstərmir. Nazirlik bu gərgin prosesdə idarəçi yox, sanki passiv müşahidəçi rolundadır".

Bu fikirləri Redaktor.az-a abituriyentlərin ixtisas seçimi haqqında danışan təhsil eksperti Kamran Əsədov dedi.

Onun sözlərinə görə, rəqəmlər acı həqiqəti açıq göstərir:

"Bu il ümumilikdə təxminən 26 min abituriyent ali məktəblərə qəbul ola bilməyəcək. Ən təhlükəlisi isə odur ki, 5000-dən çox abituriyent yalnız kodlaşdırmada buraxdığı texniki səhv səbəbindən kəsiləcək. Əgər bir ölkədə minlərlə gəncin taleyi sadə texniki səhvə qurban gedirsə, bu artıq fərdi məsuliyyətsizlik yox, dövlət səviyyəsində idarəetmənin qüsuru deməkdir. Nazirlik illərlə marifləndirmə işini aparmadığı, ixtisas seçimi prosesini şagird və valideynlər üçün şəffaf və sadə etmədiyi üçün bu qədər böyük itki yaşanır. Ən gərgin vəziyyətin III və IV qruplarda olacağı şübhəsizdir. III qrup üzrə 24 414 nəfər sənəd verib, plan yeri isə cəmi 15 583-dür. Yəni təxminən 10 min gənc təhsildən kənarda qalacaq. DT altqrupunda balların 30-60 bala qədər artacağı proqnozlaşdırılır, TC altqrupunda da oxşar vəziyyət var. Beynəlxalq münasibətlər, hüquq və jurnalistika kimi ixtisaslarda kəsilmələrin kütləvi xarakter alacağı gözlənilir. Bu, birbaşa dövlətin yanlış planlaşdırmasının nəticəsidir. IV qrupda isə tibbi ixtisaslarda vəziyyət daha kəskindir. Hələ də ölkədə həkim çatışmazlığı problemi açıq-aşkar müzakirə olunur, amma tibbi ixtisaslarda keçid balı 625 civarında müəyyən edilir. Bu o deməkdir ki, dövlət bir tərəfdən səhiyyədə kadr çatışmazlığından şikayət edir, digər tərəfdən isə minlərlə gənci bu sahəyə buraxmır. Bu, siyasətdə paradoks deyil, açıq-aşkar məsuliyyətsizlikdir".

Ekspert əlavə etdi ki, I və II qruplarda vəziyyət bir qədər fərqli olsa da, burada da sistemsizlik açıq görünür:

"I qrupda RK altqrupunda yerlərin çoxluğu səbəbindən ballar 30-80 bal enəcək, Rİ altqrupunda da dövlət sifarişli yerlərin artması nəticəsində 20-40 bal enmə gözlənilir. Amma II qrupda əksinə, dövlət sifarişli yerlərin azalması səbəbindən ballar yüksələcək, 10-50 bal arasında artım proqnozlaşdırılır. Bu da göstərir ki, dövlət bir yerdə yerləri süni şəkildə çoxaldır, digərində azaldır, amma heç yerdə balansı qoruya bilmir.

Dünya təcrübəsi ilə müqayisə etdikdə Azərbaycan təhsil sisteminin xaosu daha da aydın görünür. Almaniyada qəbul kvotaları əmək bazarının 5 illik proqnozlarına əsasən müəyyən edilir, nəticədə qəbul zamanı kəsilmə 5 faizi keçmir. Finlandiyada hər il “Koulutustarpeiden Ennuste” adlı hesabat hazırlanır və abituriyentlərin maraqları ilə dövlətin strateji prioritetləri arasında tarazlıq qurulur. Estoniyada “Haridusstrateegia 2035” adlı strategiya konkret yol xəritəsi təqdim edir və qəbul zamanı kəsilmə 3 faizdən azdır. Azərbaycanda isə göstərici 23 faizdir, yəni hər dörd abituriyentdən biri universitet qapısından kənarda qalır. Bu, dövlətin üzərinə götürdüyü “təhsildə bərabər imkanların təmin olunması” öhdəliyinin kobud şəkildə pozulmasıdır".

Müsahibimizin sözlərinə görə, Elm və Təhsil Nazirliyi bu vəziyyətdə təkcə fəaliyyətsiz deyil, həm də məsuliyyətsizdir:

"Nazirlik yalnız qəbul rəqəmlərini elan edir, amma bu rəqəmlərin arxasında gizlənən insan talelərini görmür. Nazirliyin nə orta, nə uzunmüddətli proqnozu var. Nə iş bazarının real tələbləri ilə bağlı hesabat təqdim olunur, nə də abituriyentlər və valideynlər maarifləndirilir. Əgər hər il minlərlə gənc ali təhsildən kənarda qalırsa və dövlət buna sadəcə baxırsa, bu artıq siyasət yox, vəzifədən yayınmadır. Nəticə budur: Azərbaycan təhsil sistemi hazırda xaotik, plansız və qeyri-şəffaf bir mexanizm üzərində qurulub. Bu mexanizm hər il minlərlə gəncin arzularını puç edir, ailələrin illərlə verdiyi zəhməti məhv edir, ölkənin intellektual potensialını zəiflədir. Əgər Nazirlik dərhal ciddi islahatlara başlamasa – proqnozlaşdırma sistemi qurulmasa, beynəlxalq təcrübədən istifadə edilməsə, qəbul planlaşdırması şəffaflaşdırılmasa – bu problem daha da dərinləşəcək. Onda Azərbaycan təkcə bu günün yox, gələcək nəsillərin də təhsilini itirmiş olacaq".

Nuriyyə NATİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən