"Azərbaycanda magistratura proqramları əmək bazarının tələblərini qarşılamır" - Ekspertdən ETİRAZ

"Azərbaycanda magistratura təhsilinə marağın azalması artıq tendensiyaya çevrilib və bunun əsas səbəbləri həm təhsil sistemindəki keyfiyyət problemləri, həm də əmək bazarının reallıqları ilə bağlıdır. 2025-ci ilin magistraturaya qəbul imtahanlarının nəticələri göstərir ki, hər iki yerləşdirmədən sonra 3700-dən çox boş yer qalıb və bu yerlərin təxminən 1100-ə yaxını dövlət sifarişi üzrə olub. Digər tərəfdən, boş qalan 4300 yer (1200 dövlət sifarişi) üçün cəmi 1408 nəfər seçim edib və onlardan yalnız 617 nəfər qəbul olunub. Bu göstəricilər aydın şəkildə sübut edir ki, magistratura təhsilinə maraq ildən-ilə azalır və tələbə sayı plan yerlərini doldurmağa yetmir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycanda magistratura təhsilinə marağın azalmasından danışarkən bildirdi.
"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5.2-ci maddəsinə əsasən, “təhsil sistemi cəmiyyətin və dövlətin sosial-iqtisadi, elmi-mədəni və mənəvi-əxlaqi tələblərinə uyğunlaşdırılmalıdır”. Lakin magistratura səviyyəsində vəziyyət göstərir ki, bu uyğunluq təmin olunmayıb. Çünki bir tərəfdən dövlət sifarişli yerlər açılır, digər tərəfdən isə həmin ixtisasların əmək bazarında tələbatı yoxdur və gənclər də bunu çox yaxşı görürlər. Yəni dövlətin planlaşdırması ilə real ehtiyac arasında ciddi uyğunsuzluq mövcuddur.
Müsbət tərəfi odur ki, magistratura pilləsi nəzəri olaraq elmi-tədqiqat potensialı və ixtisaslaşmanın dərinləşdirilməsi üçün nəzərdə tutulub. Dünyanın bir çox ölkəsində məsələn, Almaniyada və Fransada magistratura daha çox elmi yönümlü, ABŞ və Böyük Britaniyada isə həm də praktik bacarıqların artırılmasına fokuslanıb. Azərbaycanda isə bu mərhələ çox vaxt formal xarakter daşıyır".
Ekspert əlavə etdi ki, magistr proqramlarının böyük hissəsi yalnız bakalavr pilləsinin davamı kimi görünür, dərs yükü və tədqiqat işi zəifdir, tələbələrin beynəlxalq elmi mühitlə əlaqəsi təmin edilmir.
"Mənfi tərəfləri isə daha qabarıqdır. Əvvəla, magistr təhsili iş bazarında rəqabət üstünlüyü qazandırmır. Bir çox sahələrdə işəgötürənlər magistr diplomunu əlavə dəyər kimi qiymətləndirmir, nəticədə gənclər bu pilləyə investisiya qoymağa maraq göstərmirlər. İkincisi, universitetlərdə elmi mühit zəifdir, dissertasiya işləri çox vaxt formal yazılır, beynəlxalq jurnallarda dərc olunmur və elmi yenilik gətirmir. Üçüncüsü, dövlətin təqaüd və stimullaşdırıcı siyasəti yoxdur magistr tələbələri həm maddi baxımdan çətinlik çəkir, həm də tədris prosesində əlavə imkanlardan məhrum olur.
Dünya təcrübəsi göstərir ki, magistratura mərhələsi inkişaf etmiş ölkələrdə əmək bazarı ilə sıx bağlıdır. Məsələn, Skandinaviya ölkələrində magistr proqramlarının böyük hissəsi konkret sənaye və texnologiya sahələrinə uyğun qurulur, universitetlərlə şirkətlər arasında əməkdaşlıq var. ABŞ-də MBA proqramları iş bazarında lider mövqedədir, çünki real karyera imkanları yaradır. Azərbaycanda isə magistratura proqramları çox vaxt əmək bazarının tələblərini qarşılamır və buna görə də gənclər üçün cazibədar deyil.
Nəticə etibarilə dəyişəcək olan budur ki, əgər magistratura təhsilində islahat aparılmazsa, boş yerlərin sayı hər il artacaq və dövlət sifarişi ilə ayrılan plan yerlərinin böyük hissəsi istifadəsiz qalacaq. Dəyişməli olan isə tədrisin məzmunu və dövlətin yanaşmasıdır".
Müsahibimizin fikrincə, magistratura proqramları əmək bazarına uyğunlaşdırılmalı, elmi-tədqiqat imkanları gücləndirilməli, beynəlxalq universitetlərlə müştərək proqramlar tətbiq olunmalı və tələbələrin stimullaşdırılması üçün təqaüd sistemi genişləndirilməlidir.
"Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir maarifləndirmə aparmır, proqnoz hazırlamır, yalnız statistik rəqəmləri açıqlamaqla kifayətlənir. Nazirliyin magistratura üzrə hansı strateji planı var, ölkədə hansı ixtisaslarda magistr mütəxəssisinə real ehtiyac duyulur, bu barədə ictimaiyyətə heç bir aydınlıq verilmir. Əslində isə gənclərin magistratura pilləsinə marağının azalması təkcə təhsil problemi deyil, həm də dövlətin insan kapitalı siyasətindəki boşluqların göstəricisidir", - deyə Kamran Əsədov bildirdi.
Xədicə BAXIŞLI