Bu fənn də Azərbaycan dilində olacaq - Rus bölmələrində daha bir yenilik!

Yeni tədris ilindən etibarən tədris dilindən asılı olmayaraq, məktəblətdə bütün V və VI siniflərində “Azərbaycan tarixi” fənni dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.
Redaktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrdə qeyd olunub.
Bundan əvvəl tədrisi digər dillərdə aparılan sadəcə V siniflərdə "Azərbaycan tarixi" fənni dövlət dilində tədris olunurdu. Növbəti tədris ilində isə bu yenilik bütün ölkə üzrə V və VI sinifləri əhatə edəcək.
Qeyd edək ki, tədris dilindən asılı olmayaraq, ümumi təhsil müəssisələrinin bütün X-XI siniflərində “Çağırışaqədərki hazırlıq” fənni dövlət dilində - Azərbaycan dilində tədris olunur.
Xatırladaq ki, məktəblərdə tədrisi digər dillərdə aparılan siniflər əsasən rus bölmələridir.