3-cü qrupda ballar niyə qalxdı? - Ekspertdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ixtisas seçiminin nəticələri açıqlanıb. Xüsusilə üçüncü qrup üzrə sənəd verən abituriyentlər balların yüksəlməsindən narazılıq edirlər. Onlar hesab edirlər ki, keçid ballarının artması qəbul prosesini çətinləşdirib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov bildirdi ki, balların qalxması yerlərin sayı və müraciət edənlərin çoxluğu ilə bağlıdır:
"Əvvəldən də gözlənilirdi ki, üçüncü qrupda plan yerləri ilə müraciətlərin sayı arasındakı fərq digər qruplarla müqayisədə kifayət qədər çox olacaq. Buna görə də balların artması başadüşüləndir. Çünki bu il ən gərgin müsabiqə vəziyyəti məhz üçüncü qrupda müşahidə olundu. Sonrakı yerdə nisbətən dördüncü qrup qərarlaşdı. İkinci qrupda kifayət qədər dövlət sifarişli yerlər hətta boş qaldı. Birinci qrupda da oxşar mənzərə vardı. Keçid balını toplayan və düzgün kodlaşdırma aparan demək olar ki, hər kəs öz istəyinə və nəticəsinə uyğun ixtisasa qəbul edildi".
Müsahibimizin sözlərinə görə, üçüncü qrupda müsabiqə vəziyyətini gərginləşdirən əsas amil populyar ixtisasların burada cəmlənməsidir:
"Burada hüquq ən çox seçilən istiqamət oldu. Digər sahə ingilis dili müəllimliyi idi. Bu istiqamət də abituriyentlərin böyük qismi tərəfindən üstün tutuldu. Beynəlxalq münasibətlər də həmin sırada yer aldı. Bu qrupda müraciət edənlərin sayı daha çox olduğundan və plan yerləri, xüsusilə də dövlət sifarişi digər qruplarla müqayisədə daha az olduğundan rəqabət gücləndi. Abituriyentlərin narazılığı əsassız sayılır, çünki müsabiqə vəziyyətini elə onların müraciətləri formalaşdırır. Balların qalxması və enməsi tamamilə ixtisasların seçilmə səviyyəsinə bağlıdır və bu prosesə inzibati orqanların müdaxiləsi yoxdur. Yerlər əvvəlcədən müəyyən edilir, müraciətlər isə həmin plana uyğun sıralanır. Nəticədə ən yüksək nəticədən ən aşağı nəticəyə qədər yerləşdirmə aparılır".
Nuriyyə NATİQQIZI