Qəbul qərarlarının verilməsini universitetlərin ixtiyarına buraxmaq daha səmərəli olar - Ekspertdən AÇIQLAMA

 12:48 25.08.2025     133

"Xüsusilə üçüncü qrupda keçid balları hədsiz dərəcədə yüksəlib. Bunun əsas səbəbləri nədən ibarətdir? Əsas səbəblər ondan ibarətdir ki, üçüncü qrupa gəlmək istəyən tələbələrin sayı çoxdur".

Bu fikirləri Redaktor.az-a ali təhsil üzrə təhsil eksperti Vüsal Kərimli ixtisas qruplarındakı bal artımlarından danışarkən bildirdi.

"Dövlət İmtahan Mərkəzinin son illərdə tətbiq etdiyi imtahan forması daha çox məntiqi təfəkkürə uyğunlaşdığı üçün tələbələr məntiqi istiqamətlərə yönəlirlər və bunun üçün hazırlıqlı olurlar. Birmənalı olaraq qeyd etmək istəyirəm ki, bu gün universitetlərin istənilən səviyyəsinə qəbulu, tələb-təklifi Dövlət İmtahan Mərkəzi formalaşdırır. Elm və Ali Təhsil Nazirliyi bu istiqamətdə müəyyən fəaliyyətləri var, amma qəbul mexanizmini, tələb və təklifi, keyfiyyəti, sualların tipini, formasını, qoyuluşunu birbaşa Dövlət İmtahan Mərkəzi həyata keçirir. Biz digər bir nüansı da qeyd eləməliyik ki, 10 nəfərə yaxın 600 bal, 600 balın üzərində bal toplayan tələbə ixtisas seçimində uğurlu nəticə əldə edə bilmədilər, yəni qəbul ola bilmədilər. Biz o tələbələrə doğrudan da hörmətlə yanaşmalıyıq. Çünki onlar artıq bilirdilər hansı universitet və yaxud da hansı ixtisasda təhsil almaq istəyirlər. Yəni onların fikirləri aydındır, mövqeləri aydındır. Onlar nə etmək, nə olmaq istədiklərini çox aydın öncədən müəyyən etmişdilər".

Müsahibimizin fikrincə, universitetlərə qəbulun seçimini universitetlərə vermiş olsalar yaxşı olardı.

"Biz Türkiyə modelinə diqqət eləsək, tələbələrin topladığı balları xüsusi şifrələnmiş olur, yəni heç kəsin, nə abituriyentin, nə Dövlət İmtahan Mərkəzinin, nə də universitetin həmin bal toplayan şəxslə bağlı heç bir məlumatı olmur. O, şifrələnmiş olur və universitetlər özlərinin ixtisaslarına minimum-maksimum keçid ballarını müəyyən etdikdən sonra müraciətlər əsasında tələbələrə öz kabinetlərinə qəbul dəvəti göndərilir və tələbə istədiyi universiteti, istədiyi ixtisası seçir.

Auditoriyada qarşıladığımız tələbələrimizə sual verəndə ki, bu ixtisası nə üçün seçmisən? Onlar birmənalı olaraq qeyd edir ki, "Bura düşdüm, gəldim, amma mən buranı oxumaq istəmirdim". Doğrudan da ali təhsildə dinamik, artan dinamikanı görmək istəyiriksə, biz mütləq və mütləq universitetlərə qəbul məsələsini optimallaşdırmalıyıq. Əgər hansısa bir universitet, hansısa bir ixtisasına qəbul balını elan eləsə ki, mənim qəbul balım 300 baldır və digərləri həmin ixtisas üçün 250 verə bilər və yaxud da 350 verə bilər, burada avtomatik olaraq tələbə öz topladığı bala görə ona harada oxuya biləcəyi imkanları təqdim edildikdə, tələbə çox rahatlıqla, doğrudan da o ixtisası, o universitetdə oxuyub-oxuya bilməyəcəyini müəyyən edir. İndi isə bu bir sirdir. Bu bir sirdir, bu sirr olmamalıdır. Bu formatda tələbə sırf müəyyən psixoloji təzyiqlər altında qalır və yaxud da ki, bilməməzliyin ucbatından kifayət qədər tələbə düzgün ixtisas seçimi edə bilmir. Bunu universitetlərə vermək lazımdır. Təbii ki, şəffaflığı qorumaq üçün şifrələnmiş kodlarla etmək lazımdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən