İbtidai siniflərdə şagird sıxlığı: Təhsilin keyfiyyətinə təsir edir?

Bildiyimiz kimi, yeni tədris ilinin başlamasına az vaxt qalıb və şagird qəbulu artıq başlayıb. Lakin bəzi məktəblərdə ibtidai siniflərdə vəziyyət narahatlıq doğurur. Belə ki, bəzi siniflərdə şagird sayı 35-i belə keçir.
Bu halda belə bir usal yaranır: bu qədər şagird olan siniflərdə müəllimlərin dərs keçmə keyfiyyəti azalırmı? Ümumiyyətlə, bir sinifdə bu qədər uşağın olması düzgün hesab edilirmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirdi ki, əslində bu məsələ yeni deyil və illərdir ki, ibtidai siniflərdə şagird sıxlığı təhsilin keyfiyyətinə təsir edən ən ciddi problemlərdən biri olaraq qalır:
"Təhsil o qədər incə bir sahədir ki, burada hər bir detal şagirdin inkişafına, müəllimin motivasiyasına və ümumi nəticəyə birbaşa təsir göstərir. Əgər bir sinifdə 35-dən çox uşaq varsa, müəllimin hər birinə fərdi yanaşması, onların dərs prosesində iştirakını təmin etməsi və inkişaf dinamikasını izləməsi olduqca çətinləşir. Məsələ yalnız dərsin keyfiyyəti ilə bitmir, həm də psixoloji mühitlə bağlıdır. Belə sıx siniflərdə uşaqların davranış qaydalarına riayət etməsi, ünsiyyət mədəniyyəti formalaşdırması və bir-birinə hörmət prinsiplərini öyrənməsi də çətin olur. Müəllim isə bu qədər uşağı idarə etmək üçün daha çox enerji sərf edir və nəticədə pedaqoji yaradıcılıqdan çox, nizam-intizam məsələsinə vaxt ayırmalı olur".
Ekspert vurğuladı ki, ən ideal halda ibtidai siniflərdə şagird sayı 15-25 arası olmalıdır:
"Bu zaman müəllim həm şagirdləri fərdi izləyə bilir, həm də sinifdə sağlam pedaqoji mühit qurmaq imkanı yaranır. Təəssüf ki, bəzi məktəblərdə valideynlərin tələbi, məktəbin reytinqi və ya məkan baxımından məhdudiyyətlər ucbatından belə hallar ortaya çıxır. Bunun qarşısını almaq üçün alternativ həll yolları düşünülməlidir, məsələn, yeni siniflərin açılması, müəllim bölgüsünün balanslaşdırılması, yaxın məktəblərə yönləndirmə və ən əsası təhsil siyasətində bu məsələnin prioritet olaraq diqqətə alınması vacibdir.
Unutmayaq ki, şagirdlərin çoxluğu rəqəm olaraq uğur göstəricisi deyil. Təhsilin keyfiyyəti müəllim-şagird münasibətinin səmimiyyətində, fərdi yanaşmada və nəticələrin davamlılığında ölçülür. Əgər biz gələcəyimizi düşünürüksə, bu gün hər bir uşağa layiqli öyrənmə şəraiti yaratmağı əsas məqsəd kimi görməliyik", - deyə Əmrah Həsənli yekunlaşdırdı.
Xədicə BAXIŞLI