“35-40 şagirdlik ibtidai siniflər pedaqoji keyfiyyəti məhv edir” - Ekspertdən xəbərdarlıq

 18:00 25.08.2025     236

"Yeni tədris ilinə sayılı günlər qalır və artıq məktəblərdə şagird qəbulu prosesi başlayıb. Lakin müşahidələr göstərir ki, ibtidai siniflərdə şagird sıxlığı ciddi narahatlıq doğurur. Bəzi məktəblərin siniflərində uşaqların sayı 35-i, hətta bəzi hallarda 40-ı keçib. Bu rəqəm sadəcə statistik göstərici deyil, təhsil keyfiyyətinə birbaşa təsir edən əsas faktorlardan biridir. Çünki pedaqoji prosesin mahiyyəti hər bir şagirdə fərdi yanaşmanı, müəllimlə şagird arasında ünsiyyətin səmərəli qurulmasını tələb edir. Ancaq 40 nəfərlik sinifdə müəllimin hər bir uşağın bilik səviyyəsini, psixoloji vəziyyətini, fərdi inkişafını izləməsi mümkünsüzdür".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəblərdə ibtidai siniflərdə şagird sıxlığının doğurduğu narahatlıqdan danışarkən bildirdi.

"“Təhsil haqqında” Qanunun 13.1-ci maddəsində dövlətin təhsilin keyfiyyətinə təminat verdiyi, 15-ci maddədə isə təhsilalanların sağlam inkişafı üçün zəruri şərait yaradılmasının vacibliyi qeyd edilir. Həddindən artıq şagird yığılmış siniflər bu tələblərin pozulması deməkdir. Çünki belə şəraitdə nə keyfiyyət, nə sağlam mühit, nə də pedaqoji məqsədlərin tam yerinə yetirilməsi mümkündür. Nazirlik və məktəb rəhbərləri bu kimi hallar barədə danışarkən, problemi yalnız “məktəb binalarının çatışmazlığı” ilə izah edirlər. Halbuki məsələ təkcə infrastrukturla məhdudlaşmır, həm də təşkilati və strateji planlaşdırma məsələsidir.

Statistikaya baxdıqda vəziyyətin ciddiliyi aydın görünür. 2024-cü ildə Bakı şəhərində bəzi məktəblərdə ibtidai siniflərdə orta şagird sayı 33-35 nəfər olub. Halbuki OECD ölkələrində ibtidai siniflərdə orta şagird sayı 21-23 arasındadır. Finlandiyada bu göstərici 20-ni keçmir, Almaniyada 22 civarındadır, hətta əhalisi sıx olan Cənubi Koreyada belə ibtidai siniflərdə orta şagird sayı 25-dir. Azərbaycan isə 35-40 nəfərlik siniflərlə müqayisədə inkişaf etmiş ölkələrin normativlərindən ən azı 10-15 şagird çoxdur. Bu fərq sadəcə rəqəm deyil, təhsil keyfiyyətində 15 şagirdin itirilməsi deməkdir. Müsbət tərəf kimi sadəcə sosiallaşma imkanlarının çoxalması göstərilə bilər. Yəni böyük siniflərdə uşaqlar daha geniş kollektivlə ünsiyyət qurur, müxtəlif xarakterli həmyaşıdlarla davranış vərdişləri qazanırlar. Lakin bu üstünlük heç vaxt pedaqoji keyfiyyətin aşağı düşməsini kompensasiya edə bilmir. Çünki zəif uşaqlar diqqətdən kənarda qalır, istedadlı uşaqların inkişafı üçün fərdi yanaşma imkanı azalır, müəllimin motivasiyası və pedaqoji yükü isə normadan artıq dərəcədə artır. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə nə ciddi planı, nə də proqnozu mövcuddur.

Ekspert qeyd etdi ki, nazirlik hər il “filan qədər yeni məktəb tikilib” deyə statistik rəqəmlər açıqlayır, amma siniflərin optimal komplektləşdirilməsi ilə bağlı konseptual yanaşma ortada yoxdur.

"Nazirlik ictimaiyyəti maarifləndirmir, valideynlərə siniflərin normativ sayları barədə məlumat verilmir, müəllimlər bu vəziyyətdə tək buraxılır. Hətta bəzi hallarda məktəb rəhbərləri də sıxlıqdan şikayət etsə də, problemin həlli üçün heç bir mexanizm tətbiq olunmur. Bu, dövlətin təhsil siyasətində ən zəif həlqələrdən biridir.

Dünya təcrübəsi göstərir ki, siniflərin ölçüsü birbaşa öyrənmə keyfiyyəti ilə bağlıdır. ABŞ-də aparılan tədqiqatlara görə, sinifdə şagird sayı 30-dan yuxarı olduqda oxu və riyaziyyat nəticələri əhəmiyyətli dərəcədə aşağı düşür. Finlandiya, Estoniya kimi PISA-da yüksək nəticə göstərən ölkələrdə siniflərin kiçik olması təhsil keyfiyyətinin əsas səbəblərindən biri kimi göstərilir. Azərbaycanda isə bu amil tamamilə nəzərə alınmır. Nazirlik proqnoz aparmadığı üçün müəyyən rayonlarda siniflər həddən artıq yüklənir, başqa rayonlarda isə məktəblərdə boş yerlər qalır. Bu da demoqrafik və miqrasiya proseslərinin nəzərə alınmamasından irəli gəlir. Nəticə etibarilə, bir sinifdə 35-40 şagirdin olması pedaqoji baxımdan doğru deyil, bu, nə “Təhsil haqqında” Qanunun tələblərinə, nə də beynəlxalq standartlara uyğun gəlir. Əgər dövlət təhsilin keyfiyyətinə təminat verirsə, bu məsələyə də müdaxilə etməlidir".

Onun sözlərinə görə, ibtidai siniflərdə yaranan sıxlıq uşaqların təməl təhsilinə zərbə vuracaq, müəllimlərin peşəkar motivasiyasını sarsıdacaq, valideynlərin isə təhsil sisteminə inamını azaldacaq.

"Elm və Təhsil Nazirliyi bu istiqamətdə real strategiya hazırlamadıqca, sadəcə statistik rəqəmlərlə ictimaiyyəti aldatdıqca, problem ildən-ilə böyüyəcək və Azərbaycanın beynəlxalq qiymətləndirmələrdəki nəticələri daha da zəifləyəcək", - deyə Kamran Əsədov bildirdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən