Uşağın bağçaya getməsi nəyə görə vacibdir? - Ekspert AÇIQLADI

 18:09 27.08.2025     513

Uşağın erkən inkişafı həyatının sonrakı mərhələlərini formalaşdırır və bu dövrdə düzgün təhsil mühiti təmin etmək böyük əhəmiyyət kəsb edir. Bəzi valideynlər hesab edir ki, bağça uşağın inkişafı üçün vacibdir, çünki burada sosial, emosional və idrak bacarıqları formalaşır. Digər tərəfdən, müəyyən valideynlər düşünür ki, uşağı evdə də böyütmək mümkündür və əlavə təhsil müəssisəsinə ehtiyac yoxdur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Rasim Həsənzadə bildirdi ki, bağça uşaqlar üçün sadəcə bir qayğı mərkəzi deyil, həm də ibtidai sinif təcrübəsinə mühüm hazırlıq mərhələsidir:

"Valideyn və müəllimlərin şüurlu şəkildə yönləndirdiyi bağça təcrübəsi uşağın yaşına uyğun “oyunla öyrənmə” ehtiyacını qarşılayır, məktəblə başlayacaq uzun təhsil yolunda onun təməl bacarıqlarını gücləndirir. Bu mərhələ uşağın gələcək həyatına hazırlıq dövrü kimi qiymətləndirilməlidir, çünki erkən yaşlar onların formalaşmasının ən həssas dövrünü təşkil edir. Əvvəla, bağça uşaqların sosial inkişafını təmin edir. Ev şəraitində uşaq yalnız ailə üzvləri ilə ünsiyyət qurur, lakin bağçada həmyaşıdları ilə münasibət quraraq paylaşmağı, gözləməyi və qarşı tərəfə hörmət etməyi öyrənir. Bu, onların gələcəkdə məktəb mühitinə daha rahat uyğunlaşmasını təmin edir".

Müsahibimiz vurğuladı ki, sosial bacarıqlar erkən yaşlarda formalaşdığı üçün bağça bu prosesin əsas sahəsi sayılır.

"İkincisi, bağça uşağın idrak və emosional inkişafına dəstək verir. Burada keçirilən məşğələlər, oyunlar, musiqi, rəsm və məntiq tapşırıqları onların yaradıcılığını, diqqətini və yaddaşını gücləndirir. Bu fəaliyyətlər yalnız əyləncə məqsədi daşımır, eyni zamanda uşağın beyin inkişafını stimullaşdırır. Üçüncüsü, bağça uşağın müstəqilliyini artırır. Burada uşaq yemək yeməyi, geyinməyi və qaydalara əməl etməyi öyrənir. Bu bacarıqlar onun gələcəkdə özünəinamını möhkəmləndirir. Valideynlər bəzən düşünürlər ki, uşağı evdə də böyütmək mümkündur.

Təbii ki, ailə mühiti əvəzolunmazdır, lakin bağçanın kollektiv mühiti və pedaqoji yanaşması uşağın inkişafında vacib rol oynayır. Məktəbə hazırlaşan uşağın yalnız oxuma-yazma bacarıqları deyil, həm də sosial və emosional hazırlığı önəm daşıyır. Nəticə etibarilə, bağça uşaqlar üçün sadəcə vaxt keçirmə yeri deyil. Burada onlar ilk dəfə kollektiv həyatla tanış olur, şəxsiyyətlərini formalaşdırır və məktəbə hazırlıq dövründə vacib bacarıqlar əldə edirlər. Buna görə də uşaqların bağçaya göndərilməsi onların gələcək həyat keyfiyyətinə edilən ən mühüm sərmayələrdən biridir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən