"İxtisası mükəmməl bilmək istəyiriksə, onu ən yaxşı bildiyimiz dildə öyrənməyimiz daha məqsədəuyğundur"

"Tədrisi ingilis dilində olan ixtisaslarda təhsil almaq əslində çox gözəldir. Çünki magistraturaya ingilis dili üzrə xaricə getmək imkanları yaranır, ingilis dili biliyi artır. Amma təbii ki, bəzi ali təhsil müəssisələrində bu daha perspektivlidir, amma bəzi ali təhsil müəssisələrində isə o qədər də qənaətbəxş deyil".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev ali təhsil müəssisələrində ingilis dilinin tədrisindən danışarkən bildirdi.
"Tədrisin ingilis dilində həyata keçirildiyi ali təhsil müəssisələrindən Bakı Ali Neft Məktəbi, UNEC, Xəzər Universiteti, ADA Universiteti bu universitetlərdə həqiqətən də tədris ingilis dilində çox yüksək səviyyədə dərs keçirilir. Amma bəzi ali təhsil müəssisələri var ki, tədrisi ingilis dilində həqiqətən də yarımçıq şəkildə həyata keçirirlər.
Biz tələbələrlə mütəmadi görüşürük. Tələbələrlə görüşdüyümüz zaman onlar narahatlıqlarını ifadə edirlər və biz də bu narahatlıqları dinləyib ictimaiyyəti məlumatlandırmağa çalışırıq. Bəzi ali təhsil müəssisələrində tədris ingilis dilində düzgün şəkildə dərs keçirilmir. Müəllim problemi olur. Çünki tədrisi ingilis dilində aparan müəllimlər yüksək əməkhaqqı istədikləri üçün bəzi ali təhsil müəssisələri bu istiqamətdə işin uzmanı olan müəllimləri cəlb edə bilmirlər. Cəlb edə bilmədikdə də ciddi narahatlıqlar ortaya çıxır".
Müsahibimizin sözlərinə görə, dərs yarı ingilis, yarı Azərbaycan dilində keçirilir:
"Bu səbəbdən tələbə həmin mövzuya tam olaraq hakim ola bilmir. Yəni ingilis dili səviyyəsi o qədər də qənaətbəxş olmur və imtahanlarda çətinliklərlə üzləşirlər. Çünki tədris ingilis dilində olduğuna görə, imtahan da ingilis dilində, müasir formada təqdim olunur, amma tələbəyə dərslər kifayət qədər yüksək səviyyədə tədris olunmur. Nəticədə tələbə həmin imtahanda əziyyət çəkir, imtahanı ya yarımçıq yazır, ya da sualları tam anlamır. Bu, tələbənin dərs prosesində mövzunu ingilis dilində tam mənimsəməməsindən qaynaqlanır. Həmçinin ingilis dili biliyinin zəifliyi suallara cavab tapmaqda çətinlik yaradır. Ona görə də düşünürəm ki, bəzi ali təhsil müəssisələrində, xüsusilə də dəqiq fənlərdə tədrisin ingilis dilində aparılması problem yaradır".
Təhsil eksperti vurğuladı ki, kompüter yönümlü ixtisaslarda, mühəndislik ixtisaslarında daha çox problem yaşanır:
"Çünki bu sahələrdə terminlər daha çoxdur və tələbələr ciddi əziyyət çəkirlər. Həmin ali təhsil müəssisələrində mühəndislik, kompüter yönümlü, iqtisadiyyat ixtisaslarını ingilis dilində oxumaqdansa, Azərbaycan dilində oxumaq daha yaxşıdır. Əgər bir ixtisası yaxşı mənimsəmək istəyiriksə, onu daha yaxşı bildiyimiz dildə öyrənməyimiz daha məqsədəuyğundur. Onsuz da ixtisası Azərbaycan dilində öyrənən tələbə ingilis dili biliyini artırmaq üçün IELTS hazırlığına gedə bilər, kurslara yaza bilər və oradan yaxşı nəticə əldə edə bilər. Gələcəkdə magistraturaya xaricə getmək üçün həmin IELTS nəticəsi işinə yarayar. Ona görə də tələbə həm ixtisası yaxşı bilsin, həm də ingilis dilini ayrıca öyrənsin. Çünki bir çox tələbə eyni anda həm ixtisası ingilis dilində öyrənməyə, həm də dili inkişaf etdirməyə çalışanda çətinlik çəkir. Bəzi özəl ali təhsil müəssisələrində (Xəzər Universiteti istisna olmaqla) tədris ingilis dilində olan ixtisaslara qəbul olunan tələbələrin topladığı ballar 250, 300, 350 civarındadır. 250-300 balla qəbul olmuş bir tələbənin ingilis dili səviyyəsi kifayət qədər deyilsə, bu tələbə həmin tədris prosesində ciddi əziyyət çəkəcək".
R.Nurəliyev həmin tələbələrə tövsiyə verdi ki, tədrisi Azərbaycan dilində seçsinlər və ingilis dilini əlavə kurslarla inkişaf etdirsinlər:
"Çünki 250 balla, 300 balla qəbul olunmuş tələbə ingilis dilində keçirilən dərsləri ya heç başa düşməyəcək, ya da yarım-yamalaq anlayacaq. Tutaq ki, 11-ci sinifdə bir şagirdə müəllimi riyaziyyatı Azərbaycan dilində keçib. Bu şagird riyaziyyatdan, yaxud fizika, kimyadan öz dilində 30-40% nəticə əldə edibsə, həmin uşaq universitetdə bu fənləri ingilis dilində necə müvəffəqiyyətlə mənimsəyə bilər? Aydındır ki, çətin olacaq.
Ona görə də düşünürəm ki, bu balla qəbul olan tələbələrin Azərbaycan dilində təhsil alması daha məqsədəuyğundur. Yüksək balla qəbul olan tələbələrdə isə bu problem olmur. Məsələn, ADA Universitetinə, UNEC-ə, Bakı Ali Neft Məktəbinə qəbul olunanlarda, Xəzər Universitetində tədrisin ingilis dilində təşkilində problem yoxdur. ADA Universiteti ümumiyyətlə bu sahədə liderdir. Amma bəzi ali təhsil müəssisələrində ciddi problemlər müşahidə olunur və tələbələr də bunu bizə söyləyirlər".
Aytəkin TOFİQQIZI