"Portal qeydiyyatı bitdikdən sonra boş qalan yerlər yenidən müsabiqəyə çıxarılsın" - Ekspertdən DİM-ə təklif

 17:00 27.08.2025     207

"Ali təhsil müsəssiələrinə qəbuldan sonra avqustun 28-i ilə sentyabrın 8-i arasında qəbul olanların portal qeydiyyatı keçirilir. Portal qeydiyyatından keçməyən yüzlərlə abituriyent var. Universitetə qəbul olub, amma oxumaq istəmir. Bəziləri xaricdə ali təhsil almaq istəyir, bəziləri isə, məsələn, Gəncəyə qəbul olub, amma orada bəzi ixtisaslarda oxumaq istəmir. Yəni çoxu imtina edəcək və həmin yerlər boş qalacaq".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev ali təhsil müsəssisələrinə aparılan qeydiyyatdan danışarkən bildirdi.

"Mənim Dövlət İmtahan Mərkəzinə təklifim budur ki, portal qeydiyyatı bitdikdən sonra boş qalan yerlər yenidən müsabiqəyə çıxarılsın. Məsələn, hazırda boş yerlər açıqlanıb, baxırsan ki, üçüncü qrupda cəmi yeddi boş yer var. Amma görün, üçüncü qrupda nə qədər abituriyent kənarda qalıb. Portal qeydiyyatı bitdikdən sonra ali təhsil müəssisələrinə qeydiyyatdan keçməyən, oxumaqdan imtina edənlərin yerləri də əlavə olunsa və bu yerlər yenidən abituriyentlərin ixtiyarına verilsə, daha yaxşı olmazmı?

Onun sözlərinə görə, Türkiyədə tələbələrin imtina etdiyi yerlər dərhal yenidən təklif olunur:

"Bizdə də belə olsa, çox faydalı olar. Bu il bəlkə də gecdir, amma növbəti illərdə tətbiq edilsə, plan yerləri boş qalmaz. Dövlətin verdiyi yerlər niyə boş qalmalıdır? Məsələn, Naxçıvanda tibb ixtisasına qəbul olan tələbə oxumağa getmir, yer boş qalır. Elə tələbə var ki, həm burada, həm xaricdə qəbul olub, buradakı yerindən imtina edir. Kompüter mühəndisliyi kimi keyfiyyətli ixtisaslarda da çoxlu boş yerlər qalır. Ona görə də bu yerlərin yenidən təqdim olunması daha məqsədəuyğun olardı", - deyə Ramin Nurəliyev əlavə etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən