Bakı Türk Anadolu Liseyinin Əhmədli filialı AÇILDI
Bu gün Bakı Türk Anadolu Liseyi Əhmədli filialının açılış mərasimi keçirilib.
Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin milli təhsil naziri Yusuf Tekin, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün mərasimdə çıxış ediblər.
Emin Əmrullayev çıxışı zamanı bildirib ki, bu məktəbin açılışında olmaqdan böyük qürur duyur:
"Azərbaycan-Türkiyə qardaşlığı 1 günün, 5 günün, 10 günün münasibətləri deyil. Bu illərin, əsrlərin və eyni kökdən, eyni soydan gələn insanların birgə tarixidir. Təbii ki, istənilən tarixi öyrənmək, yaxşı öyrənmək lazımdır. İlk növbədə, həmişə demişəm ki, biz keçmişi gələcəyə görə öyrənirik. Yəni gələcəkdə də növbəti nəsillərimizə və məhz bu əsrlər boyu gələn dostluğu və qardaşlığı qoruyub saxlaya bilər, hətta bəlkə də daha möhkəmləndirə bilər.
Azərbaycan və Türkiyə arasındakı təhsil münasibətləri yəqin ki, ən nümunəvi münasibətlərdəndir. Hələ 90-cı illərdə, ölkəmiz yeni müstəqilliyi əldə etdikdən sonra, istər ali təhsil, istər orta təhsil, istər tibb təhsili, müxtəlif sahələrdə azərbaycanlı gənclərin Türkiyədə təhsil baxımından Türkiyə Cümhuriyyətindən əldə etdikləri biliklər və bacarıqlar bu gün də inkişafımız üçün çox vacib rol oynayır. Hal-hazırda bütün illərdə əməkdaşlığımız davam edir. Bu məktəb öz-özlüyündə, inanıram ki, Bakının sıx yaşayan bir ərazisində fəaliyyət göstərməsi Azərbaycan təhsili üçün əlavə dəyər yaradır".
Nuriyyə NATİQQIZI





















