"İtaliya-Azərbaycan Universiteti sadəcə bir təhsil müəssisəsi deyil..." - AÇIQLAMA
Oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı baş tutub.
İtaliya-Azərbaycan Universitetinin əhəmiyyətindən Redaktor.az-a danışan təhsil eksperti Rasim Həsənzadə bildirdi ki, bu universitetinin yaradılması ölkəmizin ali təhsil sistemində mühüm mərhələdir:
Onun sözlərinə görə, İtaliya-Azərbaycan Universitetinin əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir:
"Birincisi, bu layihə Azərbaycan və İtaliya arasında elm və təhsil sahəsində strateji əməkdaşlığı gücləndirir. Roma Sapientsa, Boloniya Universiteti kimi beş nüfuzlu İtaliya universiteti ilə birgə həyata keçirilən bu model tələbələrə həm yerli, həm də Avropa standartlarına uyğun təhsil almaq, ikili diplom əldə etmək imkanı verir. Bu isə onların beynəlxalq miqyasda rəqabət qabiliyyətini artırır və qlobal əmək bazarında daha güclü mövqeyə çıxmasına şərait yaradır.
İkincisi, universitetin tədris sahələri, kənd təsərrüfatı və qida elmləri, dizayn və memarlıq, həmçinin idarəetmə və mühəndislik ixtisasları, Azərbaycanın gələcək inkişaf prioritetləri ilə sıx bağlıdır. Kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində hazırlanan mütəxəssislər ölkənin ərzaq təhlükəsizliyinə töhfə verəcək, dizayn və memarlıq sahəsində yetişən gənclər şəhərsalma və yaradıcı sənayelərdə yenilikçi layihələr həyata keçirəcəklər.

Üçüncüsü, İtaliya-Azərbaycan Universiteti yalnız bilik verməklə kifayətlənmir, həm də tələbələrə Avropada təhsil almaq, mübadilə proqramlarında iştirak etmək və beynəlxalq şəbəkələrə qoşulmaq imkanı yaradır. Bu isə həm akademik dünyagörüşün genişlənməsinə, həm də Azərbaycan gənclərinin dünyada daha fəal mövqedə olmasına imkan verəcək".
Müsahibimiz əlavə etdi ki, belə bir universitetin açılması Azərbaycanın təhsil sisteminin beynəlmiləlləşməsinə, ölkəmizin elm və təhsil mərkəzi kimi mövqeyinin güclənməsinə xidmət edir:
"Bu baxımdan düşünürəm ki, İtaliya-Azərbaycan Universiteti sadəcə bir təhsil müəssisəsi deyil, həm də gələcəyin liderlərini, innovativ düşüncəyə malik mütəxəssisləri hazırlayan, ölkənin sosial-iqtisadi inkişafına töhfə verən strateji bir layihədir".
Nuriyyə NATİQQIZI













