Bu müəllimlərin maaşının artırılması GÖZLƏNİLİR
Ümumi təhsildə cüzi artım, orta ixtisasda azalma müşahidə olunur
2026-cı ildə ümumi təhsil üçün 2 milyard 414 milyon manat ayrılıb - bu da 2025-ci illə müqayisədə 67 milyon manat çoxdur. Artım əsasən müəllimlərin əməkhaqqı fondunun artırılması və məktəblərin yenidənqurulması layihələri ilə əlaqələndirilir.
Bununla yanaşı, orta ixtisas təhsilinə ayrılan vəsait 104,8 milyon manatdan 94,2 milyon manata enib, yəni 10,2 faiz azalma baş verib. Əlavə təhsil üçün nəzərdə tutulan məbləğdə də cüzi azalma (2,6 faiz) qeydə alınıb.
Digər istiqamətlərdə vəziyyət
Təhsil sahəsində tətbiqi tədqiqatlara ayrılan vəsait 7,4 milyon manatdan 7,8 milyon manata yüksəlib.
Digər müəssisə və tədbirlərə ayrılan vəsait isə 1,9 faiz azalıb - 2025-ci ildə 1 milyard 726 milyon manat olduğu halda, 2026-cı ildə 1 milyard 692 milyon manata endirilib.
Redaktor.az modern.az-a istinadən xəbər verir ki, iqtisadçı Emin Qəribli bildirib ki, orta məktəblərdə çalışan müəllimlərin maaşının artırılması üçün Prezidentin sərəncamına ehtiyac olur, ali təhsil mərkəzləri isə publik hüquqi şəxs olduğu üçün maaşların artırılması daxili gəlirləri əsasında hesablanır.
“Təhsilə ayrılan vəsaitlər əsasən onların beynəlxalq reytinq cədvəllərinə daxil olması üçün gedən işlərə - xaricdən müəllimlərin dəvət olunması, laboratoriyalar üçün avadanlıqların gətirilməsi, interaktiv dərslərin keçirilməsinə xidmət edəcək”.
O qeyd edib ki, büdcədən ali təhsil mərkəzlərinə ayrılan pulların artması onu deməyə əsas verir ki, növbəti ildə ödənişsiz əsaslarla universitetə qəbul olunanların sayı da artacaq.













