Müəllimlər nə vaxtdan tam ştatla işləyəcəklər? - Emin Əmrullayev AÇIQLADI
“Tam ştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcək”.
Redaktor.az-ın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məsələ hazırda konseptual mərhələdir:
“Bu mərhələ ondan ibarətdir ki, mövcud saathesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tam ştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik”.
Emin Əmrullayev deyib ki, məqsəd Azərbaycan müəlliminin məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etməsidir.
“Yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq? Bütün bu məsələlərlə bağlı yaxın günlərdə geniş ictimai məlumatlandırma aparmağı planlaşdırıram. Bu barədə xüsusi şəkildə geniş izah verəcəyəm ki, müxtəlif spekulyasiyalara və əsassız şərhlərə ehtiyac qalmasın”, - nazir vurğulayıb.













