Müəllimlərin 8 saatlıq iş rejiminin böyük bir əhəmiyyəti olmayacaq - AÇIQLAMA

 19:05 18.11.2025     1403

"Model çox gözəl modeldir. Amma müəyyən əskikliklər tamamlandığı təqdirdə daha yaxşı ola bilər. Çünki hal-hazırda könüllülük prinsipi əsasında bu sistem həyata keçiriləcək, qurulacaq".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev müəllimlərin 8 saatlıq iş rejiminə keçidi məsələsindən danışarkən bildirdi.

"Yaxın gələcəkdə yəqin ki, icbari formaya da keçid oluna bilər. Bu il baxılacaq ki, könüllü müraciət edənlərin sayı nə qədərdir. Yəqin ondan sonra ona uyğun müvafiq addımlar atılacaq. Amma mən hesab edirəm ki, təhsil sistemində dəyişiklik olmadığı təqdirdə bu modelin bizim hal-hazırkı mövcud təhsil sisteminə görə gözəl bir nəticə verməsi bir az mümkünsüz görünür", - deyə o vurğuladı. 

R.Nurəliyevin sözlərinə görə, hal-hazırda yuxarı siniflərdə demək olar ki, bu modelin tətbiqi problem yaradacaq:

"Yuxarı sinif şagirdlərinin orta ümumtəhsil məktəbindən yayınma məsələsi var, orta ümumtəhsil məktəbindən uzaqlaşma tendensiyası müşahidə olunur. Çünki orta ümumtəhsil məktəbində yuxarı sinif şagirdlərinin ali təhsil müəssisələrinə qəbul imtahanında düşən proqramı yoxdur və o proqram tətbiq olunmadığı təqdirdə bu modelin o qədər də böyük bir əhəmiyyəti olmayacaq.

Ona görə də mən düşünürəm ki, bu proqramın beynəlxalq təcrübəyə əsasən daha yaxşı perspektivli olması üçün mütləq tədris proqramı dəyişilməlidir. Xüsusilə də yuxarı siniflərdə tədris proqramı ali təhsil müəssisələrinin qəbul imtahanlarının tədris proqramına uyğunlaşdırılmalıdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən