"Nazirlik istəyir ki, repetitorluq edən müəllim bu fəaliyyəti başqa yerdə göstərsin" - 8 saatlıq iş rejimi ilə bağlı AÇIQLAMA
"Müəllimlərin əmək haqlarının yüksək olacağı proqnozlaşdırılır. Belə olan halda müəllimlərin təhsil müəssisələrində artıq şagirdlərə daha yüksək səviyyədə təhsil təqdim etmələri demək olar ki, reallaşacaq".
Bu fikirləri Redaktor.az-a elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi müəllimlərin 8 saatlıq iş rejminə keçəcəyindən və əsasən repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərin buna etdiyi etirazlardan danışarkən bildirdi.

"Bəzi hallarda müşahidə edirik ki, repetitor fəaliyyəti ilə məşğul olan müəllimlər şagirdlərə bilik və bacarıqları tam ötürmürlər. Nəticə etibarilə onlar şagirdlərin öz yanlarında, yəni pul müqabilində hazırlaşmasını daha çox dəstəkləyirlər.
Hal-hazırda da müşahidələr göstərir ki, bu mövzu müzakirə olunmağa başlayandan etibarən daha çox repetitor müəllimlər etiraz ediblər. Nazirliyin əsas məqsədi ondan ibarətdir ki, təhsil müəssisəsində repetitor məsələsi aradan qaldırılsın. Təbii ki, hər hansı müəllim beş saat, altı saat dərs götürüb qalan vaxtını repetitor hazırlığına həsr edirsə, həmin müəllimlər prosesdən uzaqlaşdırılmalıdır. Nazirlik istəyir ki, repetitor fəaliyyəti göstərən müəllim bu fəaliyyəti başqa yerdə göstərsin. İmkan versin ki, onun o mənimsədiyi beş-altı saat dərs - hansı ki, dərsdə bir və ya iki sinif varsa - şagirdləri yanına çəkmək üçün istifadə olunmasın. Ona görə də onların təhsil prosesindən uzaqlaşdırılması əsas müzakirə mövzusudur. Düşünürəm ki, bu qərar tətbiq olunandan bir neçə il sonra müsbət nəticələrini görəcəyik", - deyə ekspert vurğuladı.
Aytəkin TOFİQQIZI













