"Kişi müəllimləri cəlb etsək, bağçalar həm mühit, həm keyfiyyət baxımından daha güclü ola bilər" - Əməkdar müəllim

 14:51 25.11.2025     757

Son dövrlərdə uşaq bağçalarına kişi tərbiyəçi-müəllimlərin cəlb olunması geniş müzakirə olunur. Dünyada bu təcrübənin uşaqların sosial və emosional inkişafina müsbət təsir etdiyi sübut olunub. 

Bəs kişi müəllimlər bağçalara necə cəlb oluna bilər?

Əməkdar müəllim, təhsil eksperti Sona Əliyeva Redaktor.az-a açıqlamasında bildirdi ki, bu gün bütün dünyada uşaq bağçalarında kişi müəllimlərin sayı çox azdır:

"Ümumi statistikalarda bu rəqəm cəmi 3-5% təşkil edir və bu, uşaqların erkən yaşda hər iki cinsdən sağlam rol modeli görməsini məhdudlaşdırır. Elmi araşdırmalar göstərir ki, kişi müəllimlərin iştirakı uşaqlarda sosial bacarıqları, emosional sabitliyi və davranış tənzimlənməsini gücləndirir. Xüsusilə də ata fiqurundan uzaq böyüyən uşaqlar üçün bu, çox vacibdir. Amma “kişilər də uşaq bağçalarında işləsin” deməklə məsələ həll olmur. Bunun üçün real addımlar lazımdır, əməkhaqqı artırılmadır, hətta pozitiv diskriminasiya tətbiq edilməlidir. Çünki  bu sahə kişilər üçün, ümumiyyətlə, cazibədar deyil. İkincisi, Azərbaycan reallığında sosial stereotiplər qırılmalıdır ki, bu da bir az mümkünsüz görünür. Bizim cəmiyyət uşaq bağçasındakı işi yalnız “qadın peşəsi” kimi görür. Güman edirəm ki, universitetlərdə stimullaşdırıcı mexanizmlər - təqaüd, təcrübə və xüsusi proqramlar kişi abutiriyentlərin bu sahəyə az da olsa marağını cəlb edər. 

Nəticə etibarilə, kişi müəllimlərin bağçalarda olması təkcə gender balansı məsələsi deyil. Bu, uşaqların daha sağlam sosial-emosional inkişafı üçün çox ciddi ehtiyacdır. Biz bu dəyişiklikləri etsək, bağçalar həm mühit, həm keyfiyyət baxımından daha güclü ola bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən