Məktəblərdə həftədə bir dəfə psixologiya dərsləri keçirilsin - YENİ TƏKLİF
"Təhsil müəssisələrində təbii ki, psixoloqların çatışmazlığı var. Faktiki olaraq psixoloq ştatında olan, bölgə məktəblərində çalışan şəxslər də, təəssüf olsun ki, bu ixtisasın sahibi deyillər, fərqli-fərqli ixtisas sahibləridir".
Bu fikirləri Redaktor.az-a elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi məktəblərdə psixoloq çatışmamazlığından danışarkən qeyd etdi.
"Biz, ümumiyyətlə məktəblərdə şagirdlərin psixoloqla işləməyinin tərəfdarıyıq. Hətta təklif edirik ki, ən azı həftədə bir dəfə bir saat da olsa psixologiya ilə bağlı dərslər keçirilsin, yaş qrupuna uyğun uşaq psixologiyası şagirdlərə öyrədilsin. Düşünürəm ki, bunun olması böyük əhəmiyyət kəsb edir", - deyə o vurğuladı.

Ekspertin sözlərinə görə, bunun üçün biz ilk növbədə ixtisas sahiblərini məktəblərdə ştat olaraq işə götürməliyik və onların əmək haqları yüksək olmalıdır:
"Çünki psixoloqlar daha yüksək əməkhaqqı olduğu halda təhsil müəssisələrinə gəlirlər. Təbii ki, məktəblərdə psixoloqların formalaşması, bütün təhsil müəssisələrində psixoloqların olması yaranan bəzi deviant davranışların qarşısını müəyyən qədər ala bilər.
Şagirdlərlə mütəmadi görüşlər, onlarla ümumi profilaktik söhbətlər, psixoloji yanaşmalar və s. olmalıdır. Bu həm təhsilalanlarla, həm müəllimlərlə daha sıx kommunikasiyanın qurulmasına, həm də valideynlərlə işin təşkilinə müsbət təsir göstərə bilər".
Aytəkin TOFİQQIZI













