Xaricdə təhsil almaq istəyənlər bu qruplara aid sahələrə üstünlük versinlər - Mütəxəssisdən TÖVSİYƏ
"Xaricdə təhsil baxımından bizim üçün prioritet istiqamətlər əsasən texnologiya, kənd təsərrüfatı və tibb yönümlü ixtisaslardır. Həmçinin ikinci ixtisas qrupuna daxil olan maliyyə yönümlü sahələr də bu prioritetlər sırasındadır".
Bu fikirləri Redaktor.az-a elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi xaricdə təhsil üzrə dövlət proqramının ixtisas siyahısında üçüncü ixtisas qrupuna aid sahələrin maksimum dərəcədə azaldılmasından danışarkən bildirdi.
"Üçüncü qrupda yer alan ixtisaslar arasında hüquqşünaslıq müəyyən qədər ön plana çıxsa da, məlumdur ki, bu ixtisas dünyanın müxtəlif ölkələrində fərqli proqramlar əsasında tədris olunur. Hər bir ölkənin öz hüquq sistemi mövcuddur və yalnız beynəlxalq hüquq müəyyən mənada ümumi prioritet istiqamət hesab oluna bilər. Dövlət və ictimai münasibətlər ixtisasına gəldikdə isə, bu sahə əsasən ölkəmiz üçün nəzərdə tutulmuş, qlobal xarakter daşımayan bir ixtisasdır. Üçüncü qrupda qalan digər sahələrdən biri fəlsəfədir ki, bu, ümumilikdə beynəlxalq səviyyədə tədris olunan ixtisas hesab olunur. Bundan əlavə, təhsilin idarə olunması ilə bağlı bəzi ixtisaslar mövcuddur ki, onlara da müəyyən hallarda yer verilə bilər", - deyə o , qeyd etdi.
Mütəxəssisin sözlərinə görə, üçüncü ixtisas qrupuna daxil olan sahələr beynəlxalq səviyyədə dövlət proqramı çərçivəsində xaricdə təhsil üçün demək olar ki, prioritet hesab edilmir:
"Bu səbəbdən, xaricdə təhsil almaq istəyən vətəndaşların birinci, ikinci və dördüncü ixtisas qruplarına aid olan sahələrə üstünlük vermələri daha məqsədəuyğundur".
Xədicə BAXIŞLI













