Liseydə boynundan güllələnən direktor müavini əməliyyat OLUNDU - YENİLƏNİB

 16:18 06.02.2026     9840

06.02.2026-ci il tarixində Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.

Kliniki Tibbi Mərkəzdən Redaktor.az-a bildirilib ki, aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur.

***

Bu gün saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

***

Müəllimin xəsarət alması faktı ilə cinayət işi başlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

***

Məktəbdə şagirdin güllələdiyi müəllim Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, o, əməliyyata hazırlanır.

Vəziyyətinin ağır olduğu bildirilir.

***

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

Redaktor.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

APA-nın məlumatına görə, güllələnən 28 yaşlı qadın riyaziyyat müəllimidir.

***

Redaktor.az hadisənin başvermə şəraiti ilə bağlı DİN-in Mətbuat xidməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, hazırda fakt araşdırılır:

“Hadisə ilə bağlı müvafiq araşdırma aparılır. Əlavə məlumatlar dəqiqləşdirildikdən sonra ictimaiyyətə açıqlanacaq”.

***

“Qafqazinfo”nun məlumatına əsasən dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.

***

Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib. 

Redaktor.az "Unikal"a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki liseydə qeydə alınıb.

Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən