Təhsil müəssisələrinin mühafizəsi necə təşkil olunmalıdır? - AÇIQLAMA

 16:30 09.02.2026     2542

Zaman-zaman məktəblərdə baş verən hadisələr, o cümlədən ötən günlərdə "İdrak" liseyində şagirdin müəllimi güllələməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu zaman isə ortaya təhsil müəssisələrinin təhlükəsizlik mexanizmlərinin necə olması məsələsi çıxır. Təklif var ki, məktəblər üçün vahid təhlükəsizlik modeli yaradılmalıdır.

Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, bu məsələ ilə bağlı həmişə müzakirələr gedib, valideynlərin narahatlığı, məktəb müəllimlərinin və rəhbərliyinin mövqeyi nəzərə alınıb:

"Təəssüflər olsun ki, hələ vahid bir sistemə keçmək mümkün olmayıb. Artıq Elm və Təhsil Nazirliyi tərəfindən bir tender elan edildi və bu məktəblərin mühafizəsi ilə bağlı xüsusi mühafizə ilə məşğul olan bir şirkət tenderin qalibi olub. Bu, vahid bir sistemlə davam edəcək. Şirkət tərəfindən idarə olunma mərkəzləşəcək. Amma bu, mərkəzi şəhərlər üçündür — Bakı və ya böyük şəhərlər. Ucqar yerlərdə isə məktəblərdə mühafizə əsasən yaşlı adamlar tərəfindən təşkil olunur".

Müsahibimizin sözlərinə görə, Bakı şəhəri üzrə böyük məktəblərin kameralaşması demək olar ki, başa çatmaq üzrədir:

"Bu da müəyyən qədər baş verən təhlükələrin qarşısını almaq üçün bir istiqamətdir, amma tam əhatə etmək hələ mümkün deyil. Mən düşünürəm ki, bu məsələ ilə bağlı Nazirlər Kabinetinin xüsusi bir tapşırığı, sərəncamı, təşəbbüsü olmalıdır. Yoxsa keçidlərdə şagirdlərin keçidi üçün xüsusi cihazlar qurulmasa, bir qədər böyük məktəblər üçün xüsusilə bu nəzərdə tutulmasa, əlbəttə ki, çətin olacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən