İmkanlı insanlar uşaqları harın böyüdürlər, məktəbin qapısına polis qoymaqla iş bitmir - İlqar Orucov

 14:25 09.02.2026     582

"Məktəblərdə baş verən hər hansı xoşagəlməz hadisə, məktəbin idarəetmə formasından asılı olmayaraq, birmənalı şəkildə pislənməlidir. Bu mənada düşünürəm ki, ümumilikdə, istər dövlət məktəbi olsun, istərsə də özəl məktəb, heç bir fərqi yoxdur, məktəbdə silahlı insidentin baş verməsi, şagirdin, məktəblinin özünü məhz bu cür zorakı formada ifadə etməsi, bu cür davranış sərgiləməsi, əlbəttə ki, arzuolunan deyil. Yəni məktəbin dövlət və ya özəl olması bir daha qeyd edirəm ki, heç bir fərq yaratmır".

Bu fikirləri Redaktor.az-a danışan fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirdi. O, əlavə etdi ki, bu cür hadisələrin qarşısının alınması, xoşagəlməz davranışların azaldılması, aqressiyanın özünü məhz cinayət xarakterli formada ifadə etməsi, əlbəttə ki, birmənalı şəkildə pislənməlidir.

"Eyni zamanda, bu halları doğuran səbəblər araşdırılmalı və həmin səbəblərin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görülməlidir.

Mən "İdrak" liseyində dəfələrlə olmuşam. Onun rəhbəri və təsisçisi Müslüm müəllim təcrübəli təhsil təşkilatçısıdır, eyni zamanda elm adamıdır, pedaqoji elmlər doktoru, professordur. Mən hesab etmirəm ki, bu kimi məsələlərdə konkret olaraq "İdrak" liseyinin günahı var və ya kiminsə günahlandırılması düzgün yanaşmadır. Qeyd etdiyim kimi, bu tip hadisələrin başvermə səbəblərini araşdırarkən məsələyə kompleks yanaşmaq lazımdır. Düşünürəm ki, cəmiyyətimizdə kifayət qədər aqressiya mövcuddur. İnsanlar özlərini ifadə edərkən tez-tez zorakılığa yol verir, zorakı davranışlar sərgiləyirlər. Bu isə eyni zamanda məktəb yaşlı uşaqların davranışlarında da özünü göstərir. Yəni aqressiyanın təzahür etdiyi yaş həddi getdikcə aşağı düşür. Biz bu cür özünüifadə formalarını başqa ölkələrdə də görmüşük. Məsələn, Amerika Birləşmiş Ştatları kimi böyük bir dövlətdə dəfələrlə tələbələrin silaha əl atması, məktəblərdə iğtişaş törətməsi halları olub. Bu, bizim cəmiyyət üçün xarakterik olmasa da, birmənalı şəkildə pislənməli hadisədir. Amma əsas sual budur: bunun kökündə nə dayanır? Bu səbəblər araşdırılmalı və aradan qaldırılmalıdır. Əks halda, “bir məktəbdə baş verdi və bir daha olmayacaq” demək üçün heç bir təminat yoxdur", - deyə müsahibimiz vurğuladı.

Ekspertin sözlərinə görə, bu hadisələrin kökü cəmiyyətdən qaynaqlanır:

"Məktəbdə zorakılıq təşviq edilmir, uşaqlara zorakı davranış öyrədilmir. Lakin ailədə və cəmiyyətdə mövcud olan aqressiya, eləcə də qlobal təsirlər bu cür davranış formalarının yaranmasına zəmin yaradır. Rəqəmsallaşma, internet və texnoloji inkişaf da bu prosesə təsir göstərir. Məsələn, kompüter oyunlarının bir qismi zorakılıq üzərində qurulub və uşaqlar bu oyunlarda özlərini zorakılıq edən obrazların yerinə qoyurlar. Buna görə də ailələr bu məsələlərdə kifayət qədər diqqətli olmalıdırlar. Məktəbi tərbiyə məsələsindən kənar tutmuram. Məktəbin əsas funksiyalarından biri də tərbiyədir. Ümumilikdə isə cəmiyyət bu kimi deqradasiyaların qarşısının alınması naminə səfərbər olmalıdır. Belə hadisələrin başqa məktəblərdə baş vermə ehtimalı da istisna deyil. Mən müxtəlif ölkələrdə olmuşam, universitetlərin və təhsil müəssisələrinin qapıları açıqdır. Bu gün müasir silahlar kiçik ölçülüdür və onları məktəbə gətirmək çətin deyil. Hətta uşaq bu aqressiyanı məktəbdən kənarda da göstərə bilər. Mənim demək istədiyim əsas məqam budur ki, məsələ yalnız məktəblə məhdudlaşmır. Cinayətlərin yaşı cavanlaşıb, yeniyetmələr arasında bu cür meyllər artıb və bunun qarşısı mütləq şəkildə alınmalıdır. Cinayətlərin minimuma endirilməsi üçün cəmiyyət səfərbər olmalıdır".

İlqar Orucov təəssüflə qeyd etdi ki, bir çox hallarda gənclər arasında cinayətkarlığa meyillilik, cinayət aləminin obrazlarında özünüifadə halları müşahidə olunur:

"Bu baxımdan media, ziyalılar və ailələr gələcəkdə belə hadisələrin baş verməməsi üçün tərbiyə işinə xüsusi önəm verməlidirlər. Cəmiyyət ümumi aqressiya səviyyəsini azaltmalıdır. Bəzən elə hallar olur ki, heç bir ciddi səbəb olmadan bir insan digərini qətlə yetirir və ömrünü həbsxanada çürüdür. Bu, çox təhlükəli və yolverilməz haldır. Bu problemlər təkcə məktəbin qapısına polis qoymaqla həll olunmur. Maarifləndirmə aparılmalıdır. Televiziyalar bu sahədə daha məsuliyyətli olmalı, bayağı və şit verilişlər əvəzinə ailə və mənəvi dəyərləri təbliğ etməlidirlər. Çünki yanlış ailə modelləri uşaqlarda ciddi travmalara səbəb ola bilər. Eyni zamanda, maddi baxımdan imkanlı insanlara da çağırış etmək istəyirəm. Maddi zənginlik hər zaman mənəvi zənginlik demək deyil. Bəzən ailələr maddi cəhətdən güclü olur, amma övladlarının tərbiyəsinə kifayət qədər vaxt ayırmırlar. Uşaqları harın böyüdürlər. Valideynin cəmiyyətdə sərgilədiyi davranış övlad üçün nümunədir. Buna görə də tərbiyə və dəyərlər cəmiyyətdə birinci yerdə dayanmalıdır. Bu prinsiplərə əməl olunsa, cinayətkarlığa meyilliliyin azalması istiqamətində düzgün yol seçmiş olarıq".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən