"“İdrak” liseyində baş verən hadisə biz müəllimlər üçün dərs çıxarılmalı bir reallıqdır"
"“İdrak” liseyində baş verən hadisə təkcə bir məktəbin və ya bir ailənin problemi deyil. Bu, müasir dövrdə müəllim-şagird-valideyn münasibətlərinin, psixoloji təhlükəsizlik mexanizmlərinin və rəqəmsal mühitin nə qədər ciddi nəzarət tələb etdiyini göstərən acı bir siqnaldır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Rasim Həsənzadə bildirdi.
Müsahibimiz vurğuladı ki, yüksək akademik göstəricilər şagirdin psixoloji cəhətdən sağlam olması anlamına gəlmir:
"Cəmiyyətimizdə çox zaman “o yaxşı şagirddir, dərslərini yaxşı oxuyur” yanaşması hökm sürür. Halbuki təcrübə göstərir ki, bəzi riskli davranışlar məhz zahirən “problemsiz” görünən şagirdlərin daxilində də formalaşa bilər. Bəs müəllimlər nələrə diqqət etməldiir? Hazırda şagirdlərin günün çox hissəsini məktəbdə keçirdiyini nəzərə alsaq, müəllimlər üçün əsas məsələ şagirdlərin yalnız dərs və ya imtahan nəticələri deyil, məktəbdə şagirdin davranışlarında baş verən dəyişikliklər və sosial münasibətləri olmalıdır. Şagirdlərdə aqressiv dil və ya zorakılığı normallaşdıran ifadələr, silaha, şiddətə həddindən artıq maraq, dərsdə sakit və özünə qapalı davranış kimi hallar xüsusi diqqət tələb edir. Bu cür siqnallar “xırda detal” kimi qiymətləndirilməməli, məktəbin psixoloqu və rəhbərliyi ilə dərhal paylaşılmalıdır. Hadisə bir daha sübut edir ki, rəqəmsal mühit məktəbin fiziki sərhədlərindən kənarda qalsa da, onun təsirləri birbaşa sinif otağına gətirilir. Şagirdlərin daxil olduğu onlayn qruplar, oynadıqları oyunlar və izlədikləri məzmunlar onların dünyagörüşünü formalaşdırır. Zorakılığı təşviq edən virtual icmalar isə xüsusilə yeniyetmələr üçün ciddi təhlükə yaradır. Burada məktəb psixoloqlarının rolu formal yox, aktiv olmalıdır. Psixoloji müşahidə yalnız problem baş verdikdən sonra deyil, onu müəyyənləşdirmək üçün və davamlı şəkildə aparılmalıdır".
Ekspert hesab edir ki, valideyn-müəllim əməkdaşlığı burada əsas açar nöqtədir.
"Bu tip hadisələrin qarşısının alınmasında valideyn və müəllimlərin birgə, açıq və davamlı əməkdaşlığı həlledici rol oynayır. Valideynlər övladlarının hansı oyunları oynadığını, hansı onlayn qruplarda iştirak etdiyini, sosial şəbəkələrdə nə paylaşdığını mütləq bilməli və nəzarətdə saxlamalıdırlar. Müəllimlər isə ailəni yalnız akademik göstəricilərlə bağlı deyil, davranış və psixoloji müşahidələrlə bağlı da mütəmadi məlumatlandırmalıdırlar. Xəbərdarlıq formal prosedur yox, real əməkdaşlıq kimi qəbul edilməlidir.
“İdrak” liseyində baş verən hadisə biz müəllimlər üçün ağır, lakin dərs çıxarılmalı bir reallıqdır. Məktəb yalnız bilik verən məkan deyil, təhlükəsiz psixoloji mühit formalaşdırmalı olan bir cəmiyyətdir. Bu mühit isə yalnız müəllimin, yalnız valideynin və ya yalnız məktəbin məsuliyyəti deyil hamımızın ortaq məsuliyyəti olduğunu unutmamalıyıq", - deyə Rasim Həsənzadə yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI













