Bu fənlərdə süni intellekt mövzularına yer verilə bilər - AÇIQLAMA
Orta məktəblərdə şagirdlərə süni intellektlə bağlı ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir. Bunu Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib.
Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirdi ki, dövlət başçısının tapşırığına əsasən növbəti dövr üçün artıq tədris proqramında şagirdlərin yeni texnologiya, süni zəka və rəqəmsallaşma ilə bağlı biliklərinin formalaşması ilə əlaqədar mövzuların, ilkin biliklərin yer alması öhdəliyi qoyulub:
"Düşünürəm ki, həm Elm və Təhsil Nazirliyi tərəfindən, həm də Təhsil İnstitutu tərəfindən artıq dərsliklərin bəzilərində bu məsələ yer alacaq. Ola bilsin ki, ibtidai təhsil pilləsində həyat bilgisi dərsliyində, informatika dərsliyində bu mövzulara geniş yer verilsin. Yuxarı təhsil pilləsində də informatika dərsliyində bu mövzular tədris oluna bilər".

Müsahibimiz vurğuladı ki, hazırda dövr bunu tələb edir:
"Demək olar ki, bütün sferalarda artıq rəqəmsallaşma istiqamətində müvafiq tədbirlər görülür. Hətta dünyanın elə ölkələri var ki, orada dövlət idarəetməsində birbaşa süni zəkadan geniş istifadə olunur. Hətta bu yaxınlarda oxuduğum xəbərə görə, Avropa ölkələrinin birində hansısa nazirin fəaliyyətini birbaşa süni zəka həyata keçirirdi.
Ona görə düşünürəm ki, dərslikdə də məhz bu yöndə informasiyaların yer alması vacibdir. Təkcə tam orta təhsil müəssisələrində deyil, o cümlədən orta ixtisas təhsili istiqamətində də ən azı subbakalavr və bakalavrların tədris proqramına daxil olunmalı mövzulardır. Ya seçmə fənn olaraq, yaxud da informatika fənnindən tədris olunmalıdır. Yəni tələbələr seçmə fənn kimi informatika fənnini götürüb ən azı bu mövzularda bilik və bacarıqlarını inkişaf etdirməlidirlər".
Aytəkin TOFİQQIZI













