"Şagird qəbul imtahanına düşən ümumi mövzunun cəmi 10-15 faizini məktəbdə görür" - Ekspert çıxış yolunu GÖSTƏRDİ
"Orta məktəblərdə tədris proqramına dəyişiklik edilməsi ən aktual məsələlərdən biridir. Orta ümumtəhsil məktəblərində yüksək texnologiya, rəqəmsallaşdırma və süni intellekt istiqamətində müvafiq addımlar zamanında atılmalıdır. Hətta biz bu sahədə gecikirik".
Bunu Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı söylədiyi "orta məktəblərdə şagirdlərə süni intellektlə bağlı ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir" çağırışından danışarkən bildirdi.
Onun sözlərinə görə, hal-hazırda Azərbaycanda orta ümumtəhsil məktəbinin proqramı çox köhnə bir proqramdır və bu köhnə proqramın orta məktəbdə oxuyan şagirdlərə də heç bir xeyri, faydası yoxdur:
"Ali təhsil müəssisələrinə qəbul istiqamətində yuxarı sinif şagirdlərinə heç bir fayda vermir. Müasir texnologiyanın, müasir tədris sisteminin ümumi proqramına tam zidd bir proqramdır. Bu səbəbdən məhz orta ümumtəhsil məktəblərində tədris proqramı mütləq və mütləq dəyişilməlidir. Tədris proqramı həm yüksək texnologiyaya, süni intellektə və müasir texnologiyaya uyğunlaşdırılmalı, həm də yuxarı siniflərdə ali təhsil müəssisələrinə qəbul proqramına uyğunlaşdırılmalıdır. Məsələn, ali təhsil müəssisəsinə hazırlaşan bir şagird Azərbaycan dilindən əgər qəbul imtahanı verəcəksə, ümumi mövzunun cəmi 10-15 faizini 10-11-ci sinifdə görmüş olur. Şagird digər 80-90 faizi də görmək üçün mütləq əlavə dəstək almalıdır. Çünki məktəbdə sadəcə 10 faizini görür. Bu 10 faizinə görə də şagird orta ümumtəhsil məktəbinə laqeyd yanaşır və davamiyyəti istənilən səviyyədə olmur. Ona görə də biz yuxarı sinif şagirdlərini orta ümumtəhsil məktəblərində tapmaqda çətinlik çəkirik. Bu istiqamətdə müəyyən düzəlişlər olunmalıdır".
Müsahibimizin fikrincə, təhsil sistemində ümumi dəyişiklik etmək lazımdır:
"Təhsil sistemini üç hissəyə bölmək lazımdır: birinci ibtidai təhsil 1-4-cü sinif; ikinci icbari təhsil 5-9-cu sinif, 9-da şagird attestatını aldıqdan sonra artıq 10-11-ci sinif təhsili və yaxud 12 olmasını təklif etmişdim. Çünki 12 illik tədris sistemi demək olar ki, dünyada hardasa 80 faiz dövlətlərin izlədiyi bir təhsil sistemidir. 12 illik təhsil sisteminin müsbət cəhətlərindən biri odur ki, artıq biz bu sistemə keçid ediriksə, burada bizim gənclərimizin xarici ali təhsil müəssisələrinə qəbul olunmasında da müəyyən qədər asanlıq olar. Məsələn, Almaniyada 12 illik təhsil olduğuna görə 11 illik təhsil sistemini bitirənlər məcburdur bir il də əlavə oxusunlar. Əgər 12 illik təhsil sistemi bizdə olarsa, artıq buna ehtiyac qalmayacaq. Orta ümumtəhsil məktəbində sistem ali təhsil müəssisəsinə uyğunlaşdırılmalı, süni intellekt, data analitika və kompüteryönümlü sahələrdə, yəni müasir texnologiya ilə ayaqlaşa biləcəyimiz sahələrdə proqramlar tərtib olunmalıdır. Əyani vəsaitlər, maddi-texniki baza təmin olunmalıdır. Orta ümumtəhsil məktəblərində artıq biz süni intellektin təməlini qoymalıyıq ki, bizim şagirdlərimiz süni intellektdən məlumatlı olsunlar, bazanı formalaşdırsınlar".
R.Nurəliyev vurğuladı ki, artıq süni intellekt gələcəkdə bütün sahələri öz təsiri altına alacaq:
"Bəzi sahələrdə ciddi problemlər və ixtisarlaşmalar formalaşacaq. Ona görə də əgər biz yaxın gələcək üçün dünya ölkələri ilə rəqabətə girmək istəyiriksə, inkişaf etmiş ölkələrlə rəqabət halında olmaq istəyiriksə, mütləq və mütləq süni intellekt dərslərini də orta ümumtəhsil məktəbinin tədris proqramına əlavə etməliyik. Yəni bu birmənalı olaraq əsas şərtlərdən biridir ki, cənab prezident də bu istiqamətdə xüsusilə də müvafiq qurumlara öz tapşırıqlarını verib".
Aytəkin TOFİQQIZI













