"Bizə saatlarla auditoriyada oturan tələbə lazım deyil" - AÇIQLAMA
"Təhsil sistemindəki hər bir dəyişiklik ilk növbədə “tələbə nə qazanacaq?” sualına cavab verməlidir. Seminar dərslərinin müddətinin 90 dəqiqədən 60 dəqiqəyə endirilməsi təklifi həm pedaqoji, həm də praktiki baxımdan ciddi müzakirə olunmalı məsələdir".
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirdi.
Müsahibimiz bu mövzuda mülahizələrini bir neçə mühüm məqam üzərindən izah etdi:
"Elmi araşdırmalar göstərir ki, insan beyninin intensiv diqqət toplama müddəti məhduddur. Müasir dövrün “sürətli informasiya” nəslinin, yəni indiki tələbələrin uzunmüddətli monoton mühazirələrdə yorulduğu bir reallıqdır. 60 dəqiqəlik seminar dərsi tələbənin enerjisinin ən yüksək olduğu vaxtı səmərəli istifadə etməyə imkan verə bilər. Uzun çəkən dərslərin sonunda yaranan “yorğunluq zonası” çox vaxt öyrənməyə deyil, sadəcə vaxtın tamamlanmasına xidmət edir. Seminarın mahiyyəti mühazirədə alınan nəzəri biliklərin müzakirə və tətbiq olunmasıdır. Əgər biz 90 dəqiqənin 30 dəqiqəsini sadəcə davamiyyətə, təşkilati işlərə və ya passiv dinləməyə ayırırıqsa, bu vaxt itkisidir. 60 dəqiqəlik qısa, lakin dinamik, interaktiv və konkret hədəfə yönəlmiş bir dərs daha effektli nəticə verər. Müəllimin vəzifəsi bu bir saatı elə “sıxlaşdırmaqdır” ki, orada boşluq qalmasın.
Təhsil tariximizə nəzər salsaq, “akademik saat” anlayışının illərdir oturuşmuş bir sistemi var. Lakin dünya təhsil sistemi artıq “mikro-öyrənmə” (micro-learning) modelinə keçir. Seminarların vaxtının azaldılması tələbələrin öz üzərində müstəqil işləməsi üçün daha çox vaxt qazanması deməkdir. Biz tələbəni auditoriyada çox saxlamaqla deyil, ona dərsi sevdirməklə inkişaf etdirə bilərik".

Şəmsi Qoca vurğuladı ki, bir məqamı unutmamalıyıq:
"Xüsusilə humanitar fənlərdə, tariximizin və mədəniyyətimizin dərin qatlarının müzakirə olunduğu seminarlarda bəzən 90 dəqiqə belə bəs etmir. Əgər qruplarda tələbə sayı çoxdursa, 60 dəqiqə ərzində hər bir tələbənin fikrini ifadə etməsinə imkan tapılmaya bilər. Bu isə bəzi tələbələrin kölgədə qalmasına gətirib çıxarar. Seminar dərslərinin 60 dəqiqəyə endirilməsi təklifini müsbət dəyərləndirmək olar, bir şərtlə ki, tədris proqramları bu vaxta uyğun yenidən işlənilsin və dərslərin intensivliyi artırılsın. Bizə saatlarla auditoriyada oturan deyil, bir saat ərzində maksimum bilik və bacarıq mənimsəyən tələbə lazımdır".
Aytəkin TOFİQQIZI













