Şagirdlərə düşən kompüter sayı AÇIQLANDI
“Təhsil müəsisələrinə internet təminatında əlavə Elm və Təhsil Nazirliyi tərəfindən hər il 40-50 min arasında kompüter təsis olunur”.
Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə ümumi təhsil müəssisələrinə 20 900 kompüter paylanılıb.
"Bu göstərici 2019-cu ildə 21 150, 2020-ci ildə 36 934, 2021-ci ildə 57 008, 2022-ci ildə 100 508, 2023-cü ildə 145 508, 2024-cü ildə 189 085, 2025-ci ildə isə 236 295-ə çatdırılıb.
Kompüter təminatının artırılması nəticəsində şagird-kompüter nisbətində də müsbət dinamika müşahidə olunur. Belə ki, 2018-ci ildə bu nisbət 1:32 olduğu halda, 2024-cü ildə 1:9-a, 2025-ci ildə isə 1:7-yə enib. Bu, sonra da davam edəcək. 2026-cı ilin sonunadək kompüter və şagird nisbətinin 1:6-ya çatdırılması planlaşdırılır”, - deyə o qeyd edib.
Aytəkin TOFİQQIZI













