"Şagirdlərə süni intellektlə bağlı alətlər verməmişdən öncə..." - Deputatdan narahatlıq

 18:37 26.02.2026     346

Ötən günlərdə Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov qeyd edib ki, bərabər təhsil imkanları yaratmaq istəyirlər:

“İstəyirik ki, bütün şagirdlər eyni səviyyəli və keyfiyyətli təhsil məzmununa çıxış əldə etsinlər. Bunun üçün də onlara alət təklif etmək niyyətindəyik. Süni intellekti şagirdlər üçün köməkçi vasitə kimi görürük”.

Ümumiyyətlə, şagirdlər süni intellektlə işləməyə hazırdırlarmı? Hazırlıq üçün nələr edilə bilər?

Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, bərabər imkan yaratmaq süni intellektdən istifadə etmək mənasına gəlmir.

"Təqdirəlayiq haldır ki, Elm və Təhsil Nazirliyi təhsildə bərabərliyi yaratmaq istəyir və bunun üçün addımlar atır. Ancaq düşünürəm ki, bu məsələdə bir neçə vacib məqam var. Yəni süni intellekt bir tərəfdən yaxşıdır, prosesə töhfə verir. Süni intellektin imkanlarından biz istifadə edə bilərik və etməliyik. Amma düşünürəm ki, bu ağıllı və düşünülmüş bir formada olmalıdır. Süni intellektdən doğru istifadə edərsinizsə, sizin xeyrinizə işləyəcək, amma siz ondan doğru istifadə etmirsinizsə, bu sizin əleyhinizə işləyəcək. Ümumi götürdükdə Azərbaycanda süni intellektdən istifadə ilə bağlı bizi narahat edən məsələlər var. Biz şagirdlərə süni intellektlə bağlı alətlər verməmişdən öncə bu alətlərdən doğru-düzgün istifadəni öyrətməliyik. İlk olaraq biz düşünməliyik ki, onlar bu alətlərdən necə istifadə etsinlər. Əks halda gələcəkdə bizi belə bir nəsil gözləyəcək; düşünmə, təhlil etmək, araşdırmaq həvəsi, istəyi, qabiliyyəti olmayan bir nəsil. Yəni şəxs bütün məsələlərdə süni intellektdən istifadə edir, amma təhlil, düşünmək, analiz qabiliyyətini itirir. Ona görə burada mən düşünürəm ki, müəyyən alətlər ola, istifadə edilə bilər, amma öncə şagirdlərə və müəllimlərə məlumat verməliyik ki, onlar bundan düzgün istifadə edə bilsinlər. Məlumat vermədən bu prosesi etmək çətindir və gələcəkdə müəyyən problemləri də yarada bilər", - deyə o vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən