Rəqəmsal dərsliklər gələcəkdə kağızı tam əvəz edə bilərmi? - Ekspertlər cavab VERDİ
Son illər təhsil sistemində rəqəmsallaşma istiqamətində atılan addımlar, xüsusilə rəqəmsal dərsliklərin tətbiqi məsələsini daha da aktuallaşdırıb. Bu kontekstdə rəqəmsal tədris resurslarının bütün məktəblərdə istifadəsi imkanları və bunun praktik nəticələri geniş müzakirə olunur.
Bəs rəqəmsal dərsliklərin bütün məktəblərə tətbiqi nə dərəcədə mümkündür? Bu prosesin tam şəkildə həyata keçirilməsi üçün təxminən nə qədər zamana ehtiyac var? Eyni zamanda, belə bir keçid baş verərsə, şagirdlərin rəqəmsal dərsliklərə adaptasiyası nə dərəcədə rahat və effektiv ola bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, təhsilin rəqəmsallaşması deyəndə burada təkcə texnoloji yenilik başa düşülməməlidir:
"Bu, həm də kifayət qədər köklü bir sistem dəyişikliyidir. Rəqəmsal dərsliklərin bütün ölkə miqyasında tətbiqi həm ciddi üstünlüklər həm də mühüm infrastruktur və metodoloji çağırışlar vəd edir. Hesab edirəm ki, rəqəmsal dərsliklərin bütün məktəblərdə tətbiqi nəzəri cəhətdən mümkün olsa da, praktik olaraq bir neçə amildən asılıdır. Birinci problem kimi infrastruktur bərabərsizliyini görürəm. Paytaxt və iri şəhərlərdə internet və avadanlıq təminatı yüksək olsa da, ucqar kənd məktəblərində yüksək sürətli internetə və fasiləsiz elektrik enerjisinə çıxışda zaman-zaman problemlər yaranır. İnfrastruktur bərabərsizliyi dedikdə həm də şagirdlərin planşet, kompüter və noutbuklara çıxış imkanları nəzərdə tutulur. Bu isə dövlət büdcəsi üçün kifayət qədər böyük yükdür. Cihazların alınması ilə yanaşı, onların yenilənməsi və təmiri də əlavə resurs tələb edir. Əgər şagirdə verilən planşet və ya kompüter sıradan çıxarsa, həmin şagirdin rəqəmsal dərsləri necə izləyəcəyi sualı ortaya çıxır. Bütün bunlar əlavə problemlər yaradan amillərdir.
Rəqəmsal dərslik yalnız PDF formatında kitab deyil, interaktiv materialdır. Burada müəllimlərin bu resurslardan dərs zamanı istifadə etmə bacarığı texnologiyanın özündən daha vacibdir. Müəllim bu bacarıqlara malikdirmi ki, rəqəmsal dərslik və resurslardan effektiv istifadə edə bilsin? Bu məsələ xüsusi diqqət tələb edir".

Müsahibimizin fikrincə, rəqəmsal dərsliklərə keçid qısa müddətdə reallaşa bilməz:
"Tam keçidin təmin olunması üçün təxminən 5-10 il arası müddət tələb oluna bilər. Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, rəqəmsal dərsliklərə keçidlə bağlı uğurlu nümunələr mövcuddur. Məsələn, Estoniya və Cənubi Koreya mərhələli şəkildə bu keçidi həyata keçiriblər. “Sabahdan etibarən tam rəqəmsal dərsliklərə keçirik” kimi yanaşma real deyil və bu, mövcud sistemə zərər də vura bilər. Ona görə də mərhələli keçid ən doğru variantdır. Hər hansı yeniliyə keçid üçün sınaq mərhələsi mütləqdir. Pilot məktəblər seçilərək bir-iki il ərzində bu model tətbiq oluna bilər və ortaya çıxan boşluqlar müəyyənləşdirilə bilər. Çünki böyük miqyaslı dəyişikliklər büdcə baxımından da ciddi risklər daşıyır. Mövcud mərhələdə ən doğru yanaşma kimi hibrid modeli görürəm. Yəni həm kağız, həm də rəqəmsal dərsliklərin paralel istifadəsi daha məqsədəuyğundur. Kağız formatdan tam imtina edilməməlidir".
Mütəxəssisin sözlərinə görə, gələcəkdə tam inteqrasiya baş versə belə, ənənəvi kitabın yerini tam şəkildə doldura biləcək format yoxdur:
"Mövzuların mənimsənilməsində ənənəvi kitabın rolu qorunmalıdır. Kitabdan imtina real və düzgün yanaşma deyil. Rəqəmsal alətlər isə tədrisə əlavə dinamika və canlılıq gətirə bilər. Multimedia vəsaitləri və yeni yanaşmaların tətbiqi bu baxımdan faydalıdır. Rəqəmsal platformaların hazırkı mərhələdə daha çox köməkçi alət kimi istifadə olunması məqsədəuyğundur. Bu modelin üstünlüklərindən biri də şagirdlərin fiziki yükünün azalmasıdır. Valideynlər tez-tez ağır çantalarla bağlı narazılıq edirlər və rəqəmsal dərsliklər bu problemi qismən həll edə bilər. Lakin enerji və internet kəsintiləri, cihazların batareyasının bitməsi kimi risklər də mövcuddur. Yəni həm üstünlüklər, həm də çatışmazlıqlar var. Nəticə etibarilə, hibrid model ən optimal variant kimi görünür. Keçid prosesi ağıllı, mərhələli və düşünülmüş şəkildə həyata keçirilməlidir. Eyni zamanda bu istiqamətdə uğur qazanmış ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi də xüsusi əhəmiyyət daşıyır".
Elm və təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev isə dünyanın bir çox ölkələrində rəqəmsallaşmanın digər sahələrdə olduğu kimi təhsil sahəsinə də inteqrasiya etdiyini bildirdi:
"Bu, bizdə də mümkündür. Bunun üçün o qədər də böyük maddi-texniki bazaya ehtiyac yoxdur. Biz hər il (ən azından iki ildən bir) dərsliklər nəşr edirik və buna müəyyən qədər vəsait ayrılır. Bəlkə də bir-iki ilin, yaxud üç ilin vəsaitini ayırıb rəqəmsallaşdırma istiqamətində maddi-texniki bazaya yönəltmək olar. Burada əsasən şagirdlərə tablet, məktəblər və sinif otaqları üçün elektron lövhə, eləcə də internet resursları tələb olunur. Maddi-texniki baza, demək olar ki, bu qədərdir. Bundan əlavə, metod birləşmə rəhbərləri tərəfindən təyin olunan müəllimlər elektron formada hər fənn üzrə bütün mövzuları işləyərək, həmin mövzulara uyğun ev tapşırıqları, test bankları və s. hazırlaya bilərlər. Bu da rəqəmsal formada tədris olunan dərsliklər və ümumilikdə tədris prosesi deməkdir".

Ekspert qeyd etdi ki, onlayn dərslər və ya elektron formada dərslərin təşkili ilk baxışdan bir qədər çətin görünə bilər, lakin o qədər də ağır və mürəkkəb deyil:
"Rəqəmsallaşma xüsusilə region məktəbləri üçün daha vacibdir. Ümumiyyətlə, təhsilin rəqəmsallaşdırılmasının müsbət təsirləri çoxdur. Məsələn, soyuq aylarda, hər hansı bir təbii fəlakət zamanı, şaxtalı, küləkli və ya qarlı havalarda şagirdlərin məktəbə gələ bilməməsi hallarında, xüsusən ucqar dağ kəndlərində və regionlarda dərslərin rəqəmsal və onlayn formada təşkili tədris prosesinin davamlılığını təmin edir. Bu zaman qısa müddət ərzində şagirdlər üçün onlayn tədris prosesi həyata keçirilə bilər".
Müsahibimizin fikrincə, dərsliklər və ümumilikdə tədris prosesi rəqəmsallaşdırılarsa, hibrid tədrisin tətbiqi də xeyli asanlaşar:
"Müəyyən qeyri-adi vəziyyətlər və ya fövqəladə hallarda dərslərin onlayn keçirilməsi rəqəmsal tədris mühitində daha əlçatan olur.
Düşünürəm ki, bu prosesin tam şəkildə həyata keçirilməsi üçün o qədər də uzun müddət tələb olunmur. Bu işi rahatlıqla bir il ərzində həyata keçirmək mümkündür. Dediyim kimi, şagirdlərin elektron tablet ilə təmin olunması, sinif otaqlarının elektron lövhələrlə təchiz edilməsi, internetin təmin olunması və dərsliklərin, test tapşırıqlarının elektron formada hazırlanması bu prosesin əsas mərhələləridir".
Ramin Nurəliyev hesab edir ki, şagirdlər bu prosesə rahat şəkildə uyğunlaşa bilərlər.
"Bu da bizim üçün ciddi çətinlik yaratmayacaq. Pandemiya dövründə onlayn tədrisin tətbiqi şagirdlərin müəyyən qədər bu sahəyə alışmasına təsir göstərmişdi. Hibrid və onlayn formada tədris prosesinin həyata keçirilməsi artıq müəyyən təcrübə formalaşdırıb. Elektron formada tədrisin tətbiqi şagirdlərdə ciddi fəsadlar yaratmayacaq. Sadəcə bunun üçün müvafiq materialların hazırlanması vacibdir. Bu materiallar hazırlandıqdan sonra ilk il müəyyən çətinliklər yaşansa da, sonrakı illərdə tədris prosesinin daha rahat şəkildə həyata keçirildiyinin şahidi ola bilərik", - deyə mütəxəssis yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.














