"Sertifikatlaşdırma imtahanının tətbiqi qiymətləndirmə prosesinin şəffaflığını artıracaq"

 12:14 27.02.2026     460

"Qüvvədə olan qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, eləcə də digər analoji dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin peşə yararlılığı attestasiya yolu ilə qiymətləndirilir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, elm və təhsil komitəsinin sədri Anar isgəndərov Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

O əlavə etdi ki, mövcud praktikada attestasiya əsasən şifahi formada keçirilir:

"Nəticələr sənədləşdirilmiş protokollarla təsdiq olunsa da, qiymətləndirmə yazılı və test mexanizmlərinə əsaslanmır. Qiymətləndirmə meyarlarının dəqiq və ölçülə bilən olmaması subyektiv yanaşma riskini artırır, obyektivliyin və şəffaflığın tam təmin edilməsinə mane olur. Eyni zamanda, bu hal məhkəmə mübahisələri zamanı aydın və ölçülə bilən hüquqi əsasların formalaşdırılmasını çətinləşdirir. Bununla yanaşı, şifahi attestasiya prosesinin təşkili əlavə maliyyə və inzibati yük yaradır və dövlət vəsaitindən səmərəli istifadə prinsipinə tam cavab vermir.

Təqdim olunan qanun layihəsinə əsasən, Mədəniyyət Nazirliyinin sisteminə daxil olan qeyd edilən təhsil müəssisələrində çalışan təhsilverənlərin nəzəri bilikləri, təcrübəsi və peşə yararlılığı artıq attestasiya yolu ilə deyil, Elm və Təhsil Nazirliyində tətbiq olunan mexanizmə uyğun olaraq sertifikatlaşdırma imtahanı vasitəsilə qiymətləndiriləcək. Sertifikatlaşdırma imtahanının tətbiqi qiymətləndirmə prosesinin şəffaflığını və obyektivliyini artıracaq, nəticələrin etibarlılığını təmin edəcək, həmçinin həmin təhsil müəssisələrinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsinə xidmət edəcək".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən