AMEA-nın Rəyasət Heyətinin işi formallıqdan o yana getmir - Deputatdan AÇIQLAMA
Ötən həftə AMEA-nın Rəyasət Heyətinin toplantısında bəzi alimlərin mürgüləyərkən görüntülənməsi ciddi müzakirələrə səbəb oldu. Bunun ardınca mediada xəbər yayıldı ki, AMEA-nın Rəyasət Heyəti ləğv olunacaq və bu haqda yaxın zamanlarda rəsmi məlumat veriləcək.
Bəs Rəyasət Heyəti ləğv oluna bilərmi? Bu kollegial orqanın ləğvi akademiyaya tabe olan institutların işinə necə təsir edə bilər?
Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Vasif Qafarov qeyd etdi ki, Rəyasət Heyəti AMEA-nın kollegial icra orqanıdır və onun fəaliyyəti AMEA-nın Nizamnaməsi əsasında həyata keçirilir:
"AMEA-nın Nizamnaməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. AMEA-nın Rəyasət Heyətinin ləğvi məsələsi AMEA-nın Nizamnaməsinə dəyişiklik edilməklə həyata keçirilə bilər. Bu da dövlət başçısının fərmanı ilə ola bilər".
Millət vəkili vurğuladı ki, akademiya sistemində mövcud olan elmi müəssisə və təşkilatlar əsas etibarilə müstəqil şəkildə fəaliyyət göstərir və öz işini davam etdirirlər:
"AMEA-nın Rəyasət Heyəti elmi müəssisə və təşkilatlara ümumi rəhbərliyi həyata keçirir. Bu rəhbərlik də əsas etibarilə formallıqdan o yana getmir. Akademiyanın Nizamnaməsində dəyişiklik edilərək Rəyasət Heyəti ləğv edilərsə, düşünürəm ki, elmi müəssisə və təşkilatların işlərində hansısa bir dəyişiklik olmayacaq".
Aytəkin TOFİQQIZI













