Buraxılış imtahanında rəqabət artacaq - Ekspert səbəbi AÇIQLADI
Bildiyimiz kimi, buraxılış imtahanına az zaman qalır. Tələbələri və valideynləri maraqlandıran bir neçə mühüm məqam var ki, onlardan biri də imtahanın çətin və ya asan keçməsi ilə bağlıdır.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, qarşıdakı iki həftə ərzində buraxılış imtahanları yekunlaşacaq:
"Söhbət cari ilin məzunlarından gedir. Əvvəlki illərin məzunları üçün isə imtahan 19 aprel tarixində keçiriləcək. Hazırkı mərhələdə abituriyentlər təbii olaraq daha həyəcanlıdırlar. İlk növbədə tövsiyəm ondan ibarətdir ki, həm 9 mart, həm də 15 mart tarixində imtahan verəcək abituriyentlər qalan vaxtı daha səmərəli dəyərləndirsinlər. Çətinlik çəkdikləri mövzulara daha çox diqqət ayırsınlar, daha çox sual və test tapşırıqları üzərində işləsinlər. Xüsusilə Dövlət İmtahan Mərkəzinin test toplularından və sinif testlərindən istifadə etmələri məqsədəuyğundur. Zaman bölgüsünü düzgün qurmaq üçün testlərlə müntəzəm işləmək vacibdir".
Mütəxəssisin fikrincə, bu ilin abituriyentləri əvvəlki illərlə müqayisədə imtahan prosesinə daha hazırlıqlı görünürlər.
"Nəzərə alsaq ki, xarici dil fənn bloku üzrə ənənəvi formatda keçirilən imtahan bu il sonuncudur və 2027-ci ildən etibarən buraxılış imtahanında dəyişikliklər tətbiq olunacaq, abituriyentlər daha yüksək nəticə göstərmək üçün ciddi səy göstərirlər. Hazırlıq səviyyəsini də nəzərə alaraq gözlənti ondan ibarətdir ki, bu il yüksək bal toplayanların sayı çox ola bilər. Bir məqamı da qeyd edim ki, bu il imtahan verəcək cari məzunlar 2024-cü ildə 9-cu sinif üzrə buraxılış imtahanı vermişdilər və həmin vaxt 26 nəfər maksimal nəticə - 300 bal toplamışdı. Həmin il doqquzillik baza üzrə imtahanda iştirak etməli olan şagirdlərin sayı 148 497 nəfər idi. Onlardan 1 395 nəfər müxtəlif səbəblərdən imtahanda iştirak etməmiş, ümumilikdə 147 102 nəfər iştirak etmişdi və 26 nəfər maksimal nəticə əldə etmişdi. Gözlənti ondan ibarətdir ki, həmin şagirdlər və digər abituriyentlər bu il də yüksək, hətta maksimal nəticə göstərə bilərlər. Hazırda ali təhsil müəssisələrinə elektron ərizə qəbulu davam edir. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, artıq 105 910 abituriyent qeydiyyatdan keçib. Bu göstərici həm ali təhsil müəssisələrini, həm də 11 illik baza üzrə orta ixtisas təhsili müəssisələrini əhatə edir. Ərizə qəbulunun başa çatmasına təxminən 7 gün vaxt qalır və gözlənilir ki, müraciət edənlərin sayı 120 minə qədər arta bilər", - deyən Elçin Əfəndinin sözlərinə görə, cari ildə rəqabət ötən illərlə müqayisədə daha yüksək olacaq.
Xədicə BAXIŞLI













