Ev tapşırığını süni intellekt həll edirsə, uşağın gələcəyi təhlükədədir - AÇIQLAMA
Bildiyimiz kimi süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilir və gündəlik fəaliyyətlərimizdə, o cümlədən təhsil sahəsində geniş istifadə olunur.
Bəs şagirdlər dərslərinə kömək məqsədilə süni intellektdən istifadə edə bilərlərmi? Bu, onların mövzuları daha yaxşı mənimsəməsinə dəstək ola bilər yoxsa hazır məlumatın əldə olunması müstəqil düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər?
Elm və təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev Redaktor.az-a açıqlamasında bilirdi ki, qarşıdakı 5-10 il ərzində süni intellektin bir çox sahə və peşələri əhatə etdiyinin şahidi olacağıq:
"Bu baxımdan, biz də əvvəlki aylarda təklif etmişdik ki, orta ümumtəhsil məktəblərində süni intellekt dərsləri tədris olunsun, ali təhsil müəssisələrində isə süni intellekt ixtisasları açılsın. Müvafiq addımlar indidən atılmalıdır ki, 5-10 ildən sonra inkişaf etmiş dövlətlərlə bu sahədə rəqabət aparmaq imkanımız olsun. Digər tərəfdən, aktual sual ondan ibarətdir ki, əgər orta ümumtəhsil məktəblərində süni intellekt dərsləri tədris olunarsa və ya şagirdlər bu texnologiyalar barədə məlumatlı olarsa, onlar digər fənlər üzrə ev tapşırıqlarını süni intellekt vasitəsilə yerinə yetirəcəklərmi? Bu məsələ həqiqətən də diqqət tələb edir. Bu istiqamətdə həm müəllimlər, həm də valideynlər şagirdlərə nəzarəti gücləndirməlidirlər".
Müsahibimiz əlavə etdi ki, şagird süni intellekt imkanlarından düzgün istifadə etmədiyi halda bu, onun düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər:
"Əgər şagird tapşırıqları özü həll etmək əvəzinə onları birbaşa süni intellektə həll etdirməyə üstünlük verərsə, bu, onun təfəkkürünün inkişafına mane ola bilər. Belə yanaşma uzunmüddətli perspektivdə savadın formalaşmasına və analitik düşüncənin inkişafına mənfi təsir göstərə bilər. Bununla belə, süni intellekt düzgün istifadə edildikdə faydalı vasitədir. O, məlumat əldə etmək və mövzunu daha qısa zamanda anlamaq üçün effektiv alətdir. Şagird dərk etməlidir ki, süni intellekt bir saat ərzində tapa biləcəyi məlumatı daha qısa müddətdə əldə etməyə kömək edir. Lakin məqsəd tapşırığın tamamilə süni intellekt tərəfindən həll edilməsi deyil, həll üsulunun öyrənilməsidir".
Mütəxəssisin fikrincə, yanaşma belə olmamalıdır ki, "tapşırığı təqdim edim, süni intellekt həll etsin və məsələ bitsin". Nurəliyevin sözlərinə görə, əksinə, şagird süni intellektdən istiqamətverici vasitə kimi istifadə etməli, məlumatı özü mənimsəməli və tapşırıqları müstəqil şəkildə yerinə yetirməlidir:
"Müəllimlər ev tapşırıqları verdikdə, şagirdin işi müstəqil yerinə yetirib-yetirmədiyini müəyyənləşdirməli, lazım gəldikdə valideynləri məlumatlandırmalıdırlar. Valideynlər də evdə bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Əgər şagird bütün tapşırıqları hazır formada süni intellekt vasitəsilə əldə edib təqdim edərsə, bu, onun inkişafına mənfi təsir göstərə bilər. Lakin şagird süni intellektdən yalnız məlumat toplamaq və mövzunu anlamaq üçün istifadə edib cavabları özü hazırlayarsa, bu zaman süni intellektin faydası aydın şəkildə ortaya çıxar".
Xədicə BAXIŞLI













