"Azərbaycan müəlliminin gücü həm də ölkənin gücü deməkdir" - Kənan Kərimzadə
“Ümumi olaraq infrastrukturun təxminən 90%-ni köklü olaraq yeniləmişik və görülən bu işlərin nəticəsi olaraq 13 mindən çox şagirdimizin təlim və tədris şəraiti yaxşılaşdırılıb”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirdi.
O bildirdi ki, 80 mindən çox müəllimimizin sertifikatlaşması nəticəsində əməkhaqqlarının bir hissəsinin (fənnindən asılı olaraq) 35%, digər hissəsinin isə 10% əlavələr qeyd edilib:
“Bütövlükdə istər peşə təhsili olsun, istər ali təhsil olsun, burda biz hər iki təhsil pilləsində əhatəliliyin artımını müşahidə edirik. Bizim qəbul nəticələrimiz yaxşılaşır. Ali təhsil müəssisələri timsalında Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə nəticələri yaxşılaşmaqdadır. Azərbaycan peşə təhsilində yeni, artıq müasir infrastrukturlu müəssisələr istifadəyə verilib və sair.
Mən bu uğurlarla bağlı çox danışa bilərəm, amma nəyi qeyd etmək istəyirəm, birmənalı olaraq görülən bütün bu işlərin əsas hərəkətverici qüvvəsi məhz Azərbaycan müəllimidir, Azərbaycan təhsil verənləridir və özünü təhsilə idarə edən şəxslərimizdir. Və bu dəfələrlə bizim Nazirlik tərəfindən müxtəlif platformalarda bu fikirlər səsləndirilmişdir ki, hər bir təhsil sisteminin gücü onun müəlliminin gücündən artıq ola bilməz. Əgər Azərbaycan müəlliminin gücü bu mənada həm də ölkənin gücü deməkdir, ölkənin gələcəyi deməkdir”.
Nuriyyə NATİQQIZI













