"Süni intellekt şagirdlərin düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər" - AÇIQLAMA
"Süni zəka artıq ölkəmizlə müqayisədə xarici, xüsusilə inkişaf etmiş ölkələrdə daha geniş istifadə olunan bir platformaya çevrilib. Bizdə də bu proses tədricən formalaşır və demək olar ki, bir çox sahələrdə süni zəkanın təqdim etdiyi imkanlardan yararlanılır. O cümlədən təhsil sahəsində şagirdlərin süni zəka platformalarından hansı məqsədlə istifadə etdiklərinə xüsusi diqqət yetirilməlidir".
Bu fikirləri Redaktor.az-a elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi şagirdlərin süni intellektlə dərs hazırlamasından danışarkən səsləndirdi.
Onun sözlərinə görə, xüsusilə valideynlər şagirdlərin süni intellekt platformalarından hansı məqsədlə istifadə etdikləri məsələsində daha diqqətli olmalıdırlar:
"Məlumdur ki, bəzi mövzuların və ya tapşırıqların icrasında süni zəkanın dəstəyindən istifadə edilir. Bu isə müəyyən hallarda şagirdlərin düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Lakin şagird hər hansı mövzunu araşdırmaq, daha geniş məlumat əldə etmək istəyirsə, süni zəkadan istifadə etməsində ciddi bir problem yoxdur. Bununla belə, süni zəkanın təqdim etdiyi informasiyaların hamısının tam elmi əsaslı və dolğun olduğunu söyləmək düzgün olmaz. Bəzi hallarda verilən məlumatlarda çatışmazlıqlar müşahidə oluna bilər. Bu baxımdan, əgər tapşırığın icrası zamanı əlçatan vəsait yoxdursa və ya istifadə imkanları məhduddursa, süni zəkadan yararlanmaq müəyyən bilik və bacarıqların əldə olunmasına kömək edə bilər. Şagirdlərin bu istiqamətdə özlərini inkişaf etdirməsi daha məqsədəuyğun olar. Eyni zamanda, hər gün yeni süni zəka platformaları təqdim olunur və istifadəyə verilir. Bu səbəbdən mövcud imkanlardan müsbət istiqamətdə faydalanmaq vacibdir. Həm şagirdlər, həm də valideynlər məsələyə diqqətli və həssas yanaşmalı, əsas məqsədin öyrənmək olduğunu nəzərə alaraq bu imkanlardan düzgün şəkildə istifadə etməlidirlər".
Xədicə BAXIŞLI













