"Qrammatika sualları buraxılış imtahanına görə çox çətin idi" - ETİRAZ

 13:00 10.03.2026     835

"Prezident İlham Əliyevin dilimizin təbliği, onun saflığının qorunması ilə bağlı çıxışları hər sahədə olduğu kimi buraxılış imtahanlarında hökmən nəzərə alınmalıdır. Təhsil dilimizlə bağlı məsələlərlə birbaşa əlaqəli olan, hətta cavabdeh olan bir sahədir. Amma görünən budur ki, aidiyyəti olan qurumlar bunu nəzərə almır. Dünənki imtahanlar (11-ci siniflərin buraxılış imtahanı - red.) buna bariz nümunədir".

Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov bildirdi.

O hesab edir ki, dövlət başçısının AMEA-nın 80 illik yubileyində dilimizin saflığının qorunması, ədəbi dilimizin düzgün şəkildə tətbiq olunması ilə bağlı etdiyi çıxışında verdiyi bir çox tövsiyələri də unutmaq olmaz.

"“Ana dili milli mənsubiyyətinin əsas amilidir”, – deyən cənab İlham Əliyev dilimizin qorunması ilə bağlı öz narahatlığını da dilə gətirmişdi. Amma görünən budur ki, bəzi qurumlar öz vəzifələrini yerinə yetirərkən bu tövsiyələri heç də nəzərə almır. Dili sevdirmək, gələcək nəsillərə ötürmək məktəbdən başlayır. Dünənki imtahan sübut etdi ki, bunun üçün hələ çox danışılmalı, xeyli işlər görülməlidir. Yaxşı oxuyan bir şagird buraxılış imtahanında ingilis dilini səhvsiz yazırsa, ana dilində isə səhvlərə yol verirsə, bu bizim dilimizə olan münasibətin göstəricisidir.

Dünənki imtahan suallarına baxdım, qrammatika sualları buraxılış imtahanına görə çətin idi. Xüsusən də, müqayisə tipli suallar verilmiş vaxtla uzlaşmır. Şagird bir sualın içində bir neçə nitq hissəsini yada salmalı və onları tətbiq etməlidir. Suallar orta məktəbdə təhsil alan şagird üçün yox, hazırlığa gedən uşaqlar üçün hesablanıb. Əgər belə suallarla həyata yenicə atılmış uşaqların bütün ümidlərini qıracağıqsa, orta məktəbin qapısından paslanmış bir qıfıl asın! Niyə özümüzü aldadırıq ki?..

Nəzərə alaq ki, təhsil il boyu mətbuatda danışılan ən çox məsələlərdən biridir. Böyük bir paradoksun içində yaşamaq ancaq gülüş doğurur", - deyə M.Hüseynov bildirdi.

Aytəkin TOFİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən