Həkimlər diplomlarının tanınması üçün imtahan verəcəklər? - Deputatdan AÇIQLAMA
Deputat Azər Badamov Milli Məclisində çıxışı zamanı qeyd edib ki, qonşu ölkələrdən gəlmiş və ölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır. Millət vəkili təklif edib ki, bu məsələdə humanist yanaşma tətbiq edilsin və həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsi imtahan yolu ilə yoxlanılsın, bundan sonra diplomlar tanınsın.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, çox vacib bir məsələdir:

"Yəni insanlar öz seçimləri ilə bu prosesə getməyiblər. Məsələ ondadır ki, onlar məcburi qaydada ölkəmizə pənah gətiriblər. Xüsusilə də bu gün Rusiyada, Ukraynada müharibə gedir və bu insanlar məcbur olub uzun illər yaşadıqları, məskunlaşdıqları əraziləri tərk ediblər. Ona görə bu məsələdə biz maksimum diqqətli olmalıyıq və bu prosesləri elə idarə etməliyik ki, onlar ölkədən narazı qalmasınlar. Hesab edirəm ki, xüsusi bir yanaşma da ola bilər. Onların çoxu təcrübəlidirlər, uzun müddət xaricdə işləyiblər, kifayət qədər təcrübələri, kifayət qədər məlumatları var. Ona görə mən də düşünürəm ki, biz bu məsələyə baxmalıyıq. Bunu etməsək, gələcəkdə biz də müəyyən çətinliklərlə yaşaya bilərik. Hesab edirəm ki, bu istiqamətdə mütləq şəkildə biz addımlar atmalıyıq və bu barədə ciddi düşünməliyik. Yəni əks təqdirdə biz daha mürəkkəb və çətin bir vəziyyətlə üz-üzə gələ bilərik. Bunun baş verməməsi üçün biz bu addımları atmalıyıq və bu barədə ciddi düşünməliyik".
Aytəkin TOFİQQIZI













