Şagirdlər də narazıdır, müəllimlər də - Buraxılış imtahanları ilə bağlı ÇAĞIRIŞ

 14:29 18.03.2026     1366

Xəbər verdiyimiz kimi, bu il 9, 15 mart tarixlərində 11-ci siniflər üçün buraxılış imtahanları keçirilib. Lakin bu imtahanlar şagirdlər və ümumilikdə təhsil ictimaiyəti tərəfindən tənqid olunmaqdadır. 11-cilər imtahanın həddindən artıq çətin olduğunu, fənn müəllimləri isə sualların dərslik proqramlarına əsaslanmadığını bildirirlər.

Gələcək illərdə buraxılış imtahanlarında narazılığın minimuma endirilməsi üçün hansı məqamlara diqqət yetirilməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, bu il yaranan narazılqılar və müzakirələr keçən illərə münasibətdə daha çoxdur:

"Məsələnin haqlı və haqlı olmayan tərəflərini isə yəqin ki, fənn müəllimləri daha dəqiq izah edər. Burada daha dərin bir problem ondan qaynaqlanıb ki, imtahanla dərslik, proqram və real tədris prosesi arasında uyğunsuzluq olması düşüncəsi cəmiyyətdə kök salıb. Müəllimlər  deyir ki, suallar dərsliyə uyğun deyil, şagirdlər deyir imtahan həddindən artıq çətindir. Bu iki yanaşma əslində eyni problemin fərqli tərəfləridir. Şagird il boyu bir şey öyrənir, imtahanda isə ondan başqa cür bacarıqlar tələb olunur. Təbii ki, bu zaman narazılıq yaranacaq".

Sona Əliyeva — Vikipediya

Müsahibimiz əlavə etdi ki, burada ilk diqqət olunmalı məsələ məhz uyğunluq olub-olmamasıdır.

"İmtahan nə qədər çətin olursa olsun, şagird onu “ədalətli” hesab etməlidir. Yəni deməlidir ki, bəli, bu sual çətindir, amma mən bunu öyrənmişəm və işləyə bilərəm. Əgər bu hiss, bu düşüncə yoxdursa, problem yaranır, yaranmalıdır da. İkinci məsələ sualların balansıdır. Yəni imtahanda həm orta səviyyəli şagirdin yaza biləcəyi, həm də yüksək səviyyəli şagirdi fərqləndirən suallar olmalıdır. Bəzən imtahanlar ya həddindən artıq çətin olur, ya da əksinə, çox sadə. Hər iki halda yanaşma düzgün nəticə vermir. Üçüncü vacib məqam şəffaflıqdır. İmtahandan sonra suallar ətraflı izah olunmalıdır. Şagird başa düşməlidir ki, səhvi haradadır. Müəllim də anlamalıdır ki, hansı mövzularda problem var. Bu, həm etimadı artırır, həm də növbəti il üçün daha yaxşı, ətraflı hazırlıq yaradır. Dördüncü məsələ isə dərslik və kurikulumla bağlıdır".

Sona Əliyevanın sözlərinə görə, əgər müəllim deyirsə ki, bu mövzu dərslikdə yoxdur və ya bu formada verilməyib, bu məsələ ciddi araşdırılmalıdır:

"Çünki imtahan sistemi dərslikdən qopur və ayrı istiqamətə yönəlirsə, tədris prosesi də istiqamətini itirəcək. Doğrudur, müasir imtahanlar artıq təkcə əzbər bilik yox, düşünmə bacarığı da tələb edir. Bu baxımdan bəzi çətin sualların olması normaldır. Yenə də, problem çətinlikdə yox, bu çətinliyin nə dərəcədə əsaslandırılmış olmasındadır. Mənim yanaşmama gəldikdə isə, düşünürəm ki, gələcək illərdə narazılığı azaltmaq üçün əsas diqqət 3 məsələyə yönəlməlidir: uyğunluq (dərslik-tədris-imtahan), balans (sualların səviyyəsi) və şəffaflıq (izah və geribildirim). Əgər bu üçü düzgün qurularsa, imtahan çətin olsa belə, qəbul edilən və etibar olunan sistemə çevrilə bilər".

Elm və təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev isə qeyd etdi ki, buraxılış imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən orta ümumtəhsil məktəblərinin buraxılış sinfində oxuyan bütün şagirdlər üçün keçirilir:

O əlavə etdi ki, buraxılış imtahanı sadəcə ali təhsil müəssisələrinə qəbul imtahanının bir hissəsi deyil. 

"Bununla yanaşı, kolleclərə birbaşa qəbul prosesində də həssas rol oynayır. Çünki kolleclərə qəbul prosesi birbaşa buraxılış imtahanının nəticələrinə əsasən həyata keçirilir. Eyni zamanda, beşinci ixtisas qruplarının qəbul prosesinə də təsiri var. Beşinci ixtisas qrupunda qabiliyyət imtahanı ilə yanaşı, qəbul prosesi yalnız buraxılış imtahanının nəticələrinə əsasən həyata keçirilir.

Bütün bunları nəzərə alsaq Dövlət İmtahan Mərkəzi buraxılış imtahanında sualların səviyyəsini çətinləşdirməməyə çalışmalıdır. Çünki buraxılış imtahanında ümumilikdə orta ümumtəhsil məktəblərinin buraxılış sinfində oxuyan bütün şagirdlər iştirak edir. Yəni universitetə qəbul olmağı planlaşdırmayan şagirdlər də bu imtahanda iştirak edir. Elə şagirdlər var ki, məsələn, xaricdə təhsil alır və Azərbaycanda oxumağı düşünmür. Həmin şagirdlər də buraxılış imtahanında iştirak edir. Yaxud ali təhsil müəssisəsinə müraciət etmək istəməyən, sadəcə məktəbi bitirib attestat almaq istəyən şagirdlər də buraxılış imtahanı verir. Buna görə də buraxılış imtahanı ümumi olaraq daha əlçatan səviyyədə təşkil olunmalıdır və hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi bu məsələləri nəzərə almalıdır".

Ekspert qeyd etdi ki, orta ümumtəhsil məktəblərində tədris prosesinə uyğun imtahan modeli müəyyən edilməlidir:

"Yəni hazırda orta ümumtəhsil məktəblərində dərslərin hansı səviyyədə keçirildiyini də nəzərə almaq lazımdır. Bakıda keçirilən dərslər var, bir də regionlarda keçirilən dərslər var. Halbuki buraxılış imtahanı vahid formatda hazırlanır və həm Bakı, həm də region məktəbləri üçün eyni formada suallar tərtib olunur. Bu zaman ucqar dağ kəndlərində yaşayan və həmin şəraitdə təhsil alan şagirdlər də nəzərə alınmalıdır. Eyni zamanda, müəllim çatışmazlığı olan məktəblərdə oxuyan şagirdlərin vəziyyəti də diqqətdən kənarda qalmamalıdır. Yəni imtahan təşkil edilərkən bütün şagirdlərin şəraiti nəzərə alınmalıdır. Çox təəssüf ki, hazırda bu məsələlərə kifayət qədər diqqət yetirilmir. Daha çox universitetlərə hazırlıq istiqamətində düşünülərək sualların çətinləşdirilməsinə çalışılır. Hesab edirəm ki, gələcək illərdə qəbul imtahanlarında sualların sadələşdirilməsinə xüsusi diqqət yetirilməlidir".

Xədicə BAXIŞLI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

2
Vumart və Güvən reklamı Vumart Güvən