Füzuli şəhərinə hansı universitet köçürüləcək? - Deputatdan AÇIQLAMA
"Paytaxtdan universitetlərin bölgələrə köçürülməsi uzun müddətdir müzakirə edilən məsələlərdəndir. Bu, bir tərəfdən regionların inkişaf etdirilməsi, digər tərəfdən isə paytaxtda sıxlığın azaldılması baxımından vacib tədbirlərdən biri kimi qeyd olunur. Çünki dünya praktikasında oxşar təcrübədən istifadə olunub və xüsusilə nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatlarında aparıcı universitetlərin böyük əksəriyyəti iri şəhərlərdə deyil, nisbətən kiçik şəhərlərdə, yəni “town”larda yerləşir. Xüsusilə top onluqda olan universitetlərin demək olar ki, 90 faizi kiçik şəhərlərdə yerləşir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Bakıdakı dövlət universitetlərinin regionlara köçürülməsi barədə plandan danışan deputat Vüqar Bayramov səsləndirdi.
Millət vəkilinin sözlərinə görə, bu, bir tərəfdən həmin şəhərlərin və yaşayış məntəqələrinin inkişafını stimullaşdırır, digər tərəfdən isə nəticə etibarilə iri şəhərlərdəki sıxlığa müəyyən qədər təsir göstərir:
"Xüsusilə bu yanaşma bölgələrin inkişaf etdirilməsi baxımından vacibdir, çünki hər bir universitet kifayət qədər çox sayda tələbə deməkdir, eyni zamanda həmin tələbələrin ziyarət olunması deməkdir. Yəni ailələrin, yaxınların, dostların tələbələri ziyarət etməsi və nəticə etibarilə həmin ərazilərdə istehlakçı sayının artması xidmət və digər sektorların inkişafını stimullaşdırır".
O, deputatı olduğu Füzuli şəhərinə hansı universitetin köçürülə biləcəyi barədə suala da cavab verdi:
"Füzuli şəhəri yenidən qurulur və cənab prezidentin rəhbərliyi ilə bu şəhər 50 min sakini olan və Qarabağın ən böyük şəhərlərindən birinə çevrilən mərkəz kimi formalaşır. Təbii ki, müasir infrastruktur mövcuddur və tamamilə dağıdılmış Füzuli şəhərinin yenidən qurulması təhsil müəssisələrinin yerləşdirilməsi baxımından geniş imkanlar yaradır. Kifayət qədər böyük potensiala malik peşə təhsili üzrə lisey inşa edilir, infrastruktur beynəlxalq standartlara uyğun qurulur. Bu baxımdan təbii ki, gələcəkdə universitetlərin paytaxtdan bölgələrə köçürülməsi prosesi baş verərsə, Füzuli şəhəri də ali təhsil müəssisəsinə ev sahibliyi edə biləcək potensiala malik olacaq. Çünki yenidən qurulan və inkişaf edən Füzuli şəhəri nəqliyyat və logistika, iqtisadiyyatın digər sektorları, eləcə də təhsil sahəsi üzrə kifayət qədər böyük üstünlüklərə malikdir".
Nuriyyə NATİQQIZI













