"Paytaxtdakı universitetləri köçürməklə çox ciddi kadr problemi yaşaya bilərik" - Məzahir Məmmədli

 17:20 01.04.2026     6294

"Ali təhsil müəssisələrinin regionlara köçürülməsi çox böyük xərc tələb edən məsələdir. Mən düşünmürəm ki, bu, çox yaxın müddətdə, ən yaxşı halda 2030-cu ilə qədər mümkün olacaq. Bu, qətiyyən mümkün olmayacaq. Ancaq yaxşı olar ki, regionlarda olan universitetləri, onların filiallarını inkişaf elətdirsinlər".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi.

"Lənkəran Dövlət Universitetinin çox gözəl bazası yaranıb, kampusları, yeni yataqxanaları tikilir. Orada şəraiti bir qədər də yaxşılaşdırsaq inkişafa kömək olar. Mingəçevirdə artıq yeni universitetin korpusu tikilir. Orada bir az maddi-texniki bazanı artırmaqla bir iş görmək, tələbə sıxlığını azaltmaq olar. Qarabağ Universitetinin artıq yeni fakültələri açılıb, 2000-dən artıq tələbəsi var. Yaxşı olar ki, orada tələbə sayı bir qədər də artırılsın, infrastruktur yenilənsin, genişləndirilsin", - deyən ekspertin fikrincə, regionların inkişafını istəyiriksə, həm də özəl universitetlərin açılması üçün yaxşı şərait yaratmaq lazımdır:

"Dünya təcrübəsində daha çox özəl universitetlər regionlarda yerləşir. Bunun üçün dövlət böyük kreditlər ayıra, güzəştli torpaq sahələri verə bilər. Digər məsələ isə odur ki, şəhər mərkəzindəki universitetləri köçürməklə çox ciddi problem — kadr problemi yaşaya bilərik, mütəxəssis problemi yaşaya bilərik. Ona görə də bu, tədricən, mərhələli şəkildə baş verməlidir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən