"Hər il çoxsaylı gənc müəllim diplom alsa da, onların əksəriyyəti iş tapa bilmir" - Vüsalə Ağabəyli

 18:47 14.04.2026     1160

Xəbər verdiyimiz kimi, təhsil eksperti Ramin Nurəliyev özəl ali təhsil müəsisələrindən (Xəzər universiteti istisna olmaqla) pedaqoji ixtisasların çıxarılması təklifi ilə çıxış edib.

Azərbaycan Dillər Universitettinin (ADU) professoru, filologiya elmləri doktoru Vüsalə Ağabəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, bu təklif müəyyən mənada kifayət qədər əsaslandırılmış və real vəziyyətdən qaynaqlanan bir yanaşmadır:

"Çünki bu gün Azərbaycanda pedaqoji kadr hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisələrinin sayı kifayət qədərdir və onların böyük bir qismi artıq formalaşmış akademik baza, təcrübəli müəllim heyəti və praktik imkanlara malikdir. Bu baxımdan, eyni istiqamətdə çoxsaylı özəl ali təhsil müəssisələrində də pedaqoji ixtisasların mövcudluğu bəzən əmək bazarının real tələbatı ilə uzlaşmır".

Həmsöhbətimiz vurğuladı ki, hazırda əmək bazarında pedaqoji ixtisaslar üzrə məzunların sayı tələbatdan xeyli artıqdır:

"Nəticədə hər il çoxsaylı gənc müəllim diplom alsa da, onların əhəmiyyətli hissəsi ixtisası üzrə iş tapa bilmir. Bu isə həm fərdi səviyyədə məyusluq yaradır, həm də ümumi təhsil sistemində resursların səmərəsiz istifadəsinə gətirib çıxarır. Bu kontekstdə pedaqoji ixtisasların sayının və yerləşdiyi ali təhsil müəssisələrinin optimallaşdırılması məsələsi məntiqli və aktual görünür. 

Xüsusilə vurğulamaq lazımdır ki, müəllimlərin attestasiya və sertifikasiya nəticələri bu sahədə ən obyektiv göstəricilərdən biri kimi təhlil olunmalıdır. Əgər konkret ali təhsil müəssisələrinin məzunları bu proseslərdə sistemli şəkildə aşağı nəticələr göstərirlərsə, bu artıq həmin universitetlərdə pedaqoji hazırlığın keyfiyyəti ilə bağlı ciddi suallar doğurur. Belə hallarda məhz həmin müəssisələr üzrə pedaqoji ixtisasların bağlanması və ya məhdudlaşdırılması tamamilə məntiqli və əsaslandırılmış addım kimi qiymətləndirilə bilər. Məsələn, yeri gəlmişkən qeyd edim ki, regionlarda məzunlarla keçirilən konfranslarda iştirak edərkən maraqlı və düşündürücü bir faktla qarşılaşdıq. Regional təhsil idarəsinin nümayəndəsi ingilis dili müəllimləri üzrə sertifikasiya və attestasiya nəticələrini təqdim edərkən, bu proseslərdən keçə bilməyən və aşağı bal toplayan müəllimlərin sayını qeyd etdi. Bu statistik məlumat bizi daha dərindən düşündürdü və biz konkret olaraq maraqlandıq ki, həmin uğursuz nəticə göstərən müəllimlərin neçə faizi Azərbaycan Dillər Universitetinin məzunlarıdır. Verilən cavab isə kifayət qədər diqqətçəkici oldu: kəsilən müəllimlərin heç biri ADU məzunu deyil. Bu fakt bir daha göstərir ki, ümumi statistikanın səsləndirilməsi hər zaman obyektiv mənzərə yaratmır. Rəqəmlər ümumiləşdirildikdə, konkret ali təhsil müəssisələrinin hazırlıq keyfiyyəti arxa planda qalır və nəticədə məsuliyyət diffuz şəkildə bölüşdürülür. Halbuki hər bir ali təhsil müəssisəsi hazırladığı kadrların keyfiyyətinə görə konkret və şəffaf şəkildə cavabdehlik daşımalıdır. Cəmiyyətə nə qədər peşəkar və ya əksinə, nə qədər zəif hazırlıqlı kadr təqdim etdiyi açıq şəkildə bilinməli və bu göstəricilər əsasında müvafiq qərarlar qəbul olunmalıdır".

V.Ağabəylinin fikrincə yanaşma selektiv və analitik əsaslı olmalıdır:

"Yəni bütün özəl ali təhsil müəssisələrinə eyni qaydada yanaşmaq əvəzinə, konkret nəticələrə, göstəricilərə və məzunların uğur səviyyəsinə əsaslanmaq daha doğru olar. Keyfiyyətli nəticə göstərən, müasir proqramlara və güclü kadr potensialına malik özəl universitetlər, məsələn, Xəzər Universiteti bu prosesdən kənarda qalmalı, zəif nəticə göstərənlərə isə daha ciddi tələblər tətbiq olunmalıdır. Yəni burada əsas məqsəd sadəcə ixtisasların sayını azaltmaq deyil, əmək bazarının tələblərinə uyğun, peşəkar və rəqabətqabiliyyətli müəllim kadrlarının hazırlanmasını təmin etməkdir. Bu isə yalnız planlaşdırılmış qəbul siyasəti, ciddi keyfiyyət nəzarəti və nəticəyönümlü yanaşma ilə mümkün ola bilər. Belə bir yanaşma həm təhsil sisteminin səmərəliliyini artırar, həm də gənclərin gələcək karyera perspektivlərinin daha real və dayanıqlı olmasına xidmət edər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən