Universitetlərdə praktik biliklər güclənəcək - Təhsil ekspertindən yeni addıma DƏSTƏK
Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib. Plan çərçivəsində məktəb, peşə və ali təhsil müəssisələrində vergi mədəniyyəti və maliyyə savadlılığının artırılması, tələbələrin işə qəbul imkanlarının genişləndirilməsi, interaktiv tədris metodlarının tətbiqi və maarifləndirici layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, elmi araşdırmaların dəstəklənməsi, müəllimlərin peşəkar inkişafı, gender bərabərliyi və inklüzivliyin təşviqi istiqamətində də tədbirlər görüləcək.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, hal-hazırda bizim ali təhsil müəssisələrində ixtisas fənləri ilə yanaşı, qeyri-ixtisas fənləri də keçirilir:
"Buna o qədər də çox ehtiyac yoxdur deyə düşünürəm. Yəni əsas ali təhsil müəssisələrində ixtisas fənlərinə fokuslanılmalıdır. Bu mütləqdir. Amma bununla yanaşı, bəli, xüsusilə də iqtisadiyyat sahəsində olan ixtisaslarda bu istiqamətdə əməkdaşlığın çox böyük uğur əldə edəcəyinə inanıram. Niyə? Çünki mən həmişə deyirəm, gənclərin öz ixtisasları üzrə dövlət və özəl qurumlarda mütəmadi təcrübə keçməsi, təcrübə keçdiyi zaman nəzəri biliklərlə yanaşı praktiki bilikləri də ciddi şəkildə mənimsəməsi mütləqdir. Ona görə də İqtisadiyyat Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində belə bir fənnin açılması və yaxud da belə bir fənnin tədris olunması ilə yanaşı, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə tələbələrin təcrübə proqramlarına göndərilməsi, müvafiq dövlət qurumlarına və yaxud da özəl sektora istiqamətləndirilməsi, əlbəttə ki, təqdirəlayiq bir plan ola bilər. Yəni bunun bütün ixtisaslar üçün, belə deyək, vergi və yaxud da hər hansı maliyyə hesabatlarının həyata keçirilməsi baxımından o qədər də anlamlı görünməməsi mümkündür, amma iqtisadiyyat sahəsində olan ixtisasların mütləq bu sahədə həm nəzəri, həm də praktiki bilikləri mənimsəməsi vacibdir. Yəni bu sadəcə mühasibatlıq ixtisasının ortaya çıxardığı bir sahə deyil. Vergi hesabatlarının öyrənilməsi, mən hesab edirəm ki, bütün iqtisadiyyat ixtisasları üçün vacibdir".
Müsahibimiz düşünür ki, sadəcə İqtisadiyyat Nazirliyi ilə deyil, digər ixtisaslarda da müxtəlif dövlət qurumları və özəl sektorlarla əməkdaşlıq olunmalıdır:
"Əslində bunu Elm və Təhsil Nazirliyi etməməlidir, bunu universitetlər etməlidir. Universitetlər müxtəlif dövlət qurumları və özəl sektorlarla birgə əməkdaşlıq çərçivəsində tələbələrin təcrübə proqramlarına göndərilməsi istiqamətində müəyyən dəstək almalıdır. Amma Elm və Təhsil Nazirliyi belə bir təşəbbüs edibsə, bu çox gözəl təşəbbüsdür. Yəqin ki, yüksək səviyyədə bu işin həyata keçirilməsi istiqamətində atılan bir addımdır. Bunu alqışlayıram, gözəl təşəbbüsdür, tələbələr üçün gözəl istiqamətdir. Xüsusilə də iqtisadiyyat yönümlü ixtisasları bitirən tələbələr üçün çox faydalı olacaq. Bu istiqamətdə hesab edirəm ki, tələbələrin nəzəri bilikləri ilə yanaşı praktiki biliklərinə də müəyyən qədər dəstək verəcək, köməklik göstərəcək. Çünki həqiqətən də İqtisadiyyat Nazirliyi bu işin peşəkarıdır. Yəni İqtisadiyyat Nazirliyi böyük bir qurumdur və bu sahədə kifayət qədər təcrübəsi var. Bu təcrübələrin ali təhsil müəssisəsində oxuyan tələbələrə, xüsusilə də iqtisadiyyat yönümlü tələbələrə öyrədilməsi daha əlverişli olar, daha gözəl olar. Yəni bundan gözəl bir şey ola bilməz deyə düşünürəm. Çünki birbaşa bu sahənin mütəxəssisləri ali təhsil müəssisəsində tələbələri vergi sahəsində, hesabatların verilməsi sahəsində yetişdirəcək, təkmilləşdirəcək. Təsəvvür edin, iqtisadiyyatda oxuyan və yaxud da biznesin idarə edilməsində oxuyan, mühasibatlıqda oxuyan bir tələbə əgər vergi hesabatlarını bilmirsə və yaxud da fiziki şəxslərin hesabatlarını bilmirsə, bu həqiqətən də böyük problemdir. Ona görə də düşünürəm ki, bu istiqamətdə atılan addım həqiqətən də təqdirəlayiq addımdır. Bu kimi addımların davam etməsi mütləqdir".
Ekspert vurğuladı ki, iqtisadiyyat sahəsində oxuyan tələbələrimiz universiteti bitirdikdən sonra istər mühasibatlıq olsun, biznesin idarə edilməsi olsun, iqtisadiyyat olsun, maliyyə ixtisası olsun, vergi hesabatlarının öyrənilməsi üçün hər hansı kurslara istiqamətlənirlər.
"Gedirlər mütəxəssislərdən, kurslardan bu istiqamətdə ödənişli dəstək alırlar. Amma İqtisadiyyat Nazirliyi bu işə əgər dəstək göstərəcəksə, bu çox gözəl təşəbbüs olar. Həm tələbələr üçün yaxşı olar, çünki tələbələr müxtəlif kurslara ödəyəcəyi ödənişlərdən azad olar. Birbaşa dövlət tərəfindən belə bir dəstək tələbələrə göstərilər. Həmçinin də işin əhli, işin mütəxəssisi artıq ali təhsil müəssisələrində bizim gənclərimizi yetişdirəcək, gənclərimizi təkmilləşdirəcək. Yəni bu da həqiqətən də gözəl təşəbbüsdür. Dünyanın müxtəlif ölkələrində təhsil sahəsində belə əməkdaşlıq həyata keçirilir. Düşünürəm ki, Azərbaycanda da əlbəttə ki, bu sahənin mütəxəssisi olan İqtisadiyyat Nazirliyi və ona bağlı olan vergi qurumu ali təhsil müəssisəsində təhsil alan tələbələri vergi hesabatlarının ödənilməsi, vergi ilə bağlı ümumiyyətlə bütün məlumatların öyrənilməsi istiqamətində dəstəkləyəcək. Bu, tələbələr üçün faydalı olar, tələbələr bu prosesə sevinərlər. Həmçinin də Azərbaycanın gələcəyi üçün çox böyük təşəbbüs olar, çox böyük fayda verər. Çünki bildiyiniz kimi bu sahədə, bu istiqamətdə Azərbaycanda hal-hazırda indiyə qədər belə dəstək, belə köməklik yox idi. Bu dəstəyin, bu köməkliyin olması da, əlbəttə ki, hesab edirəm, gələcəyə hesablanmış addımdır və bunun bəhrəsini mütləq biz görəcəyik", - deyə R.Nurəliyev yekunlaşdırdı.
NURİYYƏ













