"Bu qədər müəllim ayağa qalxdı, buna əlac tapan olmadı" - DİM-ə ETİRAZ

 14:08 22.04.2026     2464

Martın 9-da ölkə üzrə keçirilimiş 11 illik buraxılış imtahanından sonra etirazlar səsləndirilirdi ki, imtahan çətin və düşündürücü olub. İmtahandan yüksək nəticə göstərənlərdən biri olan Aylin Rəhimli də sualların düşündürücü, xeyli vaxt aparan olduğunu qeyd edib

Azərbaycan dili və ədəbiyyat müəllimi Emma İbrahimova Redaktor.az-a açıqlamasında bildirdi ki, Dövlət İmtahan Mərkəzi, eləcə də o tipli qurumlar tərəfindən bu qədər təhsil işçilərinin, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin, abituriyentlərin sözünü qəbul etmədən, bir nəfərin fikri ilə millətin hamısının fikirlərinin üstündən xətt çəkilir:

"Düzdür, nə xoş bizə ki, cəmiyyətimizdə bu çətin imtahandan 298 bal toplayan abituriyentlər var. Mənim şagirdlərim arasında da Azərbaycan dilindən 30-da 30, 30-da 29 yazanlar var. Bu o demək deyil ki, imtahan asan idi. Xeyr. Azərbaycan dili sualları çətin idi, ümumiyyətcə imtahan üç saat səviyyəsinə sığışmayan imtahan idi. Təbii ki, abituriyentə bir neçə saat verilsə idi, rahatca yazardı. Yüksək nəticə əldə edən şagirdlərim bildirir ki, ötən illərə nisbətdə bu il Azərbaycan dili çətin, düşündürücü və vaxt aparan idi".

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan dilindən 30 yazan uşaq riyaziyyata vaxt ayıra bilməyib, riyaziyyata vaxt ayıran uşaq isə ingilis dilinə vaxt ayıra bilməyib:

"Bizim istədiyimiz odur ki, sual tipləri elə qoyulsun ki, bu üç fənn üç saata sığa bilsin. Bilmirəm, DİM-in sədri Məleykə Abbaszadə, eləcə də həmin qurumda çalışanlar bir nəfərin fikrinimi əsas götürüb addım atacaqlar, yoxsa bu yolda can qoyan, səhhətini qoyan, ömrünü fəda edən müəllimlərin istəyinimi? Bu qədər müəllim ayağa qalxdı, buna əlac tapan olmadı. Müəllim kütləsinin qarşısında əsaslı cavab verən olmadı ki, biz repetitorluğu yığışdırmaq üçünmü addım atırıq, nə etmək istəyirik? Məndən təcrübəcə aşağı olan, təcrübəcə yuxarı olan müəllim heyəti qalxdı ayağa. Heç olmasa imkan versinlər, biz repetitorlar işləyək, bunların məktəb şagirdləri nəticə yığsın, məktəblərin adını qaldırsınlar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən